Mercedes-Benz şirkətinin EQS bayraqdar elektrik sedanını hazırladığı məlumdur. Mercedes-Benz şirkəti elektrik modelinin güc xarakteristikalarını açıqlamasa da, İnternet şəbəkəsində yeni elektrokarın Affalterbaxdə yerləşən AMG bölməsinin mütəxəssisləri tərəfindən hazırlanacaq AMG versiyasının işıq üzü görəcəyi barədə şayiələr yayılmağa başlayıb.

"Autocar" nəşrinin məlumatına görə, AMG şirkəti flaqman elektrik sedanının ikimühərrikli versiyası üzərində işlərə start verib. İkimühərrikli elektrokar AMG modellərinin elektrik ekvivalenti olmalıdır. Eyni zamanda, "bərkgedən" elektrik sedanın Mercedes-Benz şirkəti tərəfindən hazırlanmış EVA arxitekturasına əsaslanacaq və cari Mercedes-Benz CLS modeli ilə bənzər ölçülərə sahib olacaqdır.

Mercedes-Benz EQS 550 4Matic modelinin 470 at qüvvəsi və 760 Nm fırlanma anı hasil edən güc qurğusuna sahib olacağı güman edilir. Mercedes-AMG EQS modelinin isə 600 at qüvvəsinə və 900 Nm fırlanma anına sahib olacağı ehtimal edilir. Elektrokar güc aqreqatının fırlanma anını gərək olduqda istənilən təkərə ötürə bilən tam ötürmə sistemi ilə təchiz ediləcəkdir.

Bərkgedən elektrokarın 100 km/saat həddinə dörd saniyədən az müddətə sürətlənəcəyi və 250 km/saatlıq maksimal sürət həddinə malik olacağı bildirilir. 100 kilovat-saatlıq batareyaya malik olan elektrokarın WLTP dövrünə əsasən 692 kilometr qət edəcəyi ehtimal olunur. "Autocar" nəşrinin fikrinə görə, elektrokarın real yürüşü 515 kilometr olacaqdır. Elektrokarın batareyasının 80 faizini 350 kilovat-saatlıq terminaldan doldurulmasına 20 dəqiqə gərək olacaqdır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt

Mercedes-Benz şirkəti ilkin olaraq S-Class modelinin yeni nəslini təqdim etməyi planlaşdırır. Bayraqdar sedanın təqdimatından bir müddət sonra, elektrik model xəttinin flaqmanı olacaq EQS sedanı debüt etməlidir. Debütün 2022-ci ildə baş tutacağı gözlənilir. Məlum məsələdir ki, Mercedes-AMG EQS modeli adi elektrokardan sonra işıq üzü görməlidir.

Mercedes-AMG EQS modelinin rəqibləri isə Tesla Mpdel S Plaid və Porsche Taycan elektrokarları olacaqdır. Sonradan bu mübarizəyə Audi e-tron GT və Jaguar XJ modelinin elektrik versiyası qoşulacaqdırlar. Əlbəttə ki, BMW 7 Series modelinin elektrik modifikasiyasını da yaddan çıxarmamaq gərəkdir.