Alman Sport Auto nəşrinin test-pilotu Kristian Gebhardt “Nordşlyayfeni” tam ötürməli BMW M4 kupesi ilə 7 dəqiqə 28,57 saniyəyə qət edib. Bu, Porsche Carrera GT modelinin nəticəsindən 0,14 saniyə daha yaxşıdır, lakin ekstremal M4 GTS kupesinin göstəricisindən bir saniyə yavaşdır. Gebhardtın yürüşünün videosu artıq YouTube kanalında yerləşdirilib.

Qeyd etmək gərəkdir ki, Gebhardt özünün əvvəlki nailiyyətini yaxşılaşdırıb, çünki bir il əvvəl o, artıq  “Şimal ilgəyinə” arxa ötürməli M4 kupesi ilə çıxmışdı. O zaman onun qeydə aldığı vaxt 7 dəqiqə 30,79 saniyə idi. Tam ötürməli M4 2,22 saniyə daha sürətli olub və Porsche Carrera GT modelini 0,14 saniyə üstələyib. Hər iki halda BMW kupesi Pilot Sport Cup 2 şinləri ilə təchiz edilib, onun mühərriki isə 510 at qüvvəsi və 650 Nm fırlanma anına malikdir.

M4 kupesi 3,0-litrlik sıralı altısilindrli S58 biturbo mühərriki və səkkiz pilləli “avtomat” ilə təchiz edilir. Əsas üstünlük arxa oxa verilən M xDrive tam ötürmə sistemi M5 Competition sedanındakı ilə eynidir. Tam ötürüməli avtomobillər 50 kiloqram ağır olsa da, onlar ilk “yüzlüyə” sürətlənməyə arxa ötürməli versiyalarda olduğundan 0,4 saniyə az vaxt - 3,5 saniyə sərf edirlər. Maksimal sürət elektronika tərəfindən 250 km/saat həddində məhdudlaşdırılıb, lakin M Driver's Package paketini seçdikdə, bu həddi 290 km/saata çəkmək mümkündür.

Maraqlıdır ki, tam ötürməli BMW M4 modeli “Nordşlyayfeni” 7:27,88 zamanı ilə qət etmiş M4 GTS kupesindən bir saniyədən çox yavaş olub. Bu kupe də 3,0-litrlik sıralı altısilindrli biturbo mühərrikə malikdir, lakin güc aqreqatı giriş kollektoruna suyun püskürdülməsi sistemi ilə təchiz edilib. Mühərrikin hasilatı 500 at qüvvəsi və 600 Nm fırlanma anıdır. Ötürmə - arxa oxadır. Kupe 100 km/saat həddinə 3,8 saniyəyə sürətlənir, onun maksimal sürəti 305 km/saatdır.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.