Keçən il Mazda şirkəti Cenevrə avtosalonunda CX-3 və CX-5 modelləri arasında yer alacaq CX-30 adlı krossoveri təqdim etmişdi. Yeni krossoverin qlobal model olduğunu nəzərə alsaq onun Azərbaycan bazarında da təklif ediləcəyini gözləmək olardı. Bu gün bu məlumat təsdiqini tapıb - yapon markasının yerli nümayəndəliyindən bildirildiyinə görə, yeni CX-30 krossoverinin Azərbaycan bazarındakı satışlarına sentyabr ayında başlanacaqdır.

Yeni krossover Mazda3 modeli ilə eyni platformanı paylaşır. Mazda CX-30 modelinin qabarit uzunluğu 4395 millimetr, eni - 1795 millimetr, hündürlüyü isə 1540 millimetrdir. Krossoverin təkər bazasının uzunluğu 2655 millimetrdir.  Beləliklə, krossover CX-3 modelindən 120 millimetr uzun, CX-5 modelindən isə 155 millimetr qısadır. Təkər bazasının uzunluğuna görə, Mazda CX-30 krossoveri CX-5 modelinə 45 millimetr uduzur. Yeni krossoverin klirensi 175 millimetrdir.

Yapon istehsalçısı avtomobilin yığcam ölçülərinə baxmayaraq, geniş iç məkan təklif etdiyini iddia edir. Bununla belə, salonun ölçüləri dəqiqləşdirilməyib. Mazda şirkəti CX-30 modelinin baqaj həcminin 430 litr olduğunu bildirib.

Təəssüflər olsun ki, Avropa bazarında CX-30 geniş mühərrik çeşidi ilə təklif edilsə də, Azərbaycanda satılan krossover yalnız 150 at qüvvəsi və 195 Nm fırlanma anı hasil edən 2,0-litrlik Skyactiv-G atmosfer mühərriki ilə təklif ediləcəkdir. Güc aqreqatı 6-pilləli avtomatik transmissiya ilə tandemdə çalışacaqdır. Ötürmə ön oxa olacaqdır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt

Yeni Mazda CX-30 krossoverinin satış qiymətləri açıqlanmayıb. İlkin məlumatlara görə, krossoverin qiyməti təxminən 35.900 ABŞ ( 61.000 manat) dollarından başlanmalıdır. Xatrıladaq ki, bu qiymətə yaxşı təchizat səviyyəsinə malik olan Mazda CX-5 modelini əldə etmək olar.