Stenford universitetinin alimləri DeLorean DMC-12 modelinin bazasında inşa etdikləri pilotsuz avtomobili təkmilləşdiriblər. Artıq, avtomobil sürücünün iştirakı olmadan drift edə bilər. Avtomobil sınaq poliqonunda idarə edilən sürüşmə ilə bir kilometr məsafə qət edib. Bu zaman maşın marşrutdan kənar çıxmayaraq bir konusu belə vurub yıxmayıb.

Layihə yeni deyil – onun işlənməsinə 2015-ci ildə başlanıb. Alimlər qrupu avtomobili sahibindən satın alaraq onu lazım olan avadanlıqla təchiz ediblər. Layihə “Geriyə gələcəyə” filminin qəhrəmanlarından biri olan Marti MakFlayın şərəfində MARTY adlandırılıb.

Layihənin müəllifləri ilkin olaraq pilotsuz nəqliyyat vasitəsi deyil, məhz insanın iştirakı olmadan drift edən avtomobil yaratmağı nəzərdə tutublar. Alimlər bu layihənin qəzaların sayının azaldılmasına xidmət edəcəyindən əmindirlər. Məsələn, təhlükəli şəraitdə ekstremal sürücülük texnikasına sahib olan avtomobil alqoritm üzrə hərəkət edərək, insanın potensial olaraq yol verə biləcəyi səhvi təkrarlamayacaqdır.

DeLorean DMC-12 modeli arxa təkərlərə quraşdırılmış iki elektromotorla hərəkətə gəlir.Bütün mexaniki idarəetmə elementləri də müasir elektron analoqları ilə əvəzləniblər. Bundan başqa, avtomobil avtopilot sisteminin istifadə etdiyi müxtəlif verici və sensorlar ilə təchiz edilib.