Ekspertlər, Tesla şirkətinin elektromobillər bazarındakı liderliyini uzun müddət qoruyub saxlamayacağını artıq dəfələrlə bildiriblər. Amerikan istehsalçısının rəqiblərinin sayının və istehsal güclərinin artması əvvəl-axır onu taxt-tacından etməli idi. Gözlənilən 2022-ci ilin birinci yarısında baş verib - amerikan nəhəngini Çinin BYD şirkəti geridə qoyub: çinlilər bu ilin birinci yarısında 641 min elektrik avtomobili satmağa müvəffəq olublar ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 315% çoxdur. Tesla isə, yalnız 564 min elektromobil, yəni çinli rəqibindən 77 min avtomobil az sata bilib.

Amerikan sərmayədarı Uorren Baffettin dəstəklədiyi BYD şirkəti, 2022-ci ildə 1,1 - 1,2 milyon arasında avtomobil satmağı hədəfləyir – bunlardan 600 mini elektromobil,  digər 600 mini isə hibridlər olmalıdır. Satış nəticələrindən göründüyü kimi, elektromobillər üzrə illik hədəfə cəmi altı ay ərzində nail olunub. Tesla şirkəti isə qrafikdən geri qalır. Amerikan markasınıın qlobal satışları 2021-ci ilin yanvar-iyun ayları ilə müqayisədə 46% artıb, amma plana əsasən 50% olmalı idi.

Amerikalıların uğursuzluğunun səbəbinin, Çindəki yaz lokdaunlarının yaratdığı təchizat problemləri olduğu bildirilir. Tesla şirkətinin Şanxaydakı fabriki demək olar ki, bir aya bağlı qalıb və nəticədə aprel ayında amerikan markasının Çindəki satışları 98% azalıb. Koronavirusun yayılması BYD şirkətinə o qədər də güclü təsir etməyib, çünki Çin istehsalçısının əksər istehsal meydançaları və ofisləri zərər görümüş bölgələrdən kənarda yerləşir.

BYD həmçinin akkumulyatorın istehsalında da uğurlar əldə edib. Çin istehsalçısı Cənubi Koreyanın LG nəhəngini geridə qoyaraq, digər Çin istehsalçısı - Contemporary Amperex Technology (CATL) şirkətindən sonra ikinci ən böyük batareya istehsalçısına çevrilib. Yeri gəlmişkən, CATL Tesla şirkətini də dartma batareyaları təmin edir, lakin BYD özü də tezliklə amerikalılara batareya tədarük etməyə başlayacaqdır: Tesla litium-dəmir-fosfat  tərkibli Blade Battery batareyalarının alınmasında maraqlıdır.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.