Amerikan avtomobil assosiasiyası piyadaları aşkarlama sistemi ilə təchiz edilmiş müxtəlif avtomobillərin sınağını keçirib. Sınaqlar nəticəsində belə sistemlərin gərək olduqda piyadalara reaksiya vermədiyi aşkar edilib. Sınaqlarda Honda Accord, Tesla Model 3, Toyota Camry və Chevrolet Malibu modelləri iştirak ediblər.

İlkin olaraq, avtomobilləri qaranlıqda sınaqdan keçiriblər və məlum olub ki, sistemlər günün qaranlıq vaxtlarında piyadalara reaksiya vermirlər. Piyadaların 75 faizinin qaranlıq düşəndən sonra həlak olduğunu nəzərə alsaq, bu ciddi çatışmamazlıqdır.

Sonrakı sınaqlar gündüz aparılıb. Hər bir avtomobili bir neçə ssenari üzrə sınaqdan keçiriblər: böyüklər yolu düzlükdə və ya döngədən sonra keçiblər, uşaq isə iki park edilmiş avtomobilin arasından qaçaraq çıxıb.

Günün vaxtı ilə yanaşı avtomobilin sürəti də mühüm rol oynayıb. Məsələn, piyada ilə toqquşma 30 km/saat həddində baş verərsə, ciddi xəsarətlərin alınması şansı 18% olacaqdır. Əgər sürət 15 km/saat artarsa, bu zaman ciddi zədələrin alınması şansı 50 faizə qədər yüksəlir.

Sistemlər gündüz vaxtı 30 km/saat sürətində daha yaxşı işləyiblər. Bu halda toqquşmaların 40 faizinin qarşısını almaq mümkün olub. Uşaqla bağlı halda isə sistemlər reaksiya verməyə imkan tapmayıblar və hadisələrin 89 faizində qəza qaçınılmaz olub. Piyadanın döngədən sonra yolda peyda olmasına isə sistemlər ümumiyyətlə reaksiya verməyib.

Bununla belə, Assosiasiyanın ekspertləri aşkarlama sistemlərinin avtomobillərdə tətbiqini alqışlayırlar. İstənilən halda, istehsalçılar sistemlərin təkmilləşdirilməsi və onların real şəraitə uyğunlaşdırılması üzərində işləməyə davam edirlər.