Türkiyənin TOGG (Türkiyenin Otomobil Girişim Grubu) şirkəti ikinci modelini qeydiyyatdan keçirib – bu elektrik sedanıdır. Yeni sedanın patent təsvirləri Avropa İttifaqının patent bürosunun bazasında peyda olublar. Təsvirlərdən göründüyü kimi, seriya elektrik sedanı 2019-cu ildə nümayiş etdirilmiş konseptual sedandan bir qədər fərqlənəcəkdir. “Autoweek” nəşrinin məlumatına görə, türk markası Las Veqasa istiqamət götürüb – TOGG krossoveri və sedanı yanvar ayında burada keçiriləcək İstehlak elektronikası sərgisində (CES) nümayiş etdirilə bilərlər.

Hər iki modelin konseptual versiyaları iki il bundan öncə nümayiş etdirilib. O zaman, TOGG elektrokarlarının hədəfində Tesla modellərinin olduğu bildirilirdi. Cari ilin noyabr ayında ilk türk avtomobil markası Avropa İttifaqının patent bürosunda krossoverin eksteryer dizaynını patentləşdirib, indi isə krossoverə sedan da qoşulub.

Təsvirlərdən göründüyü kimi, sedanın seriya versiyası konsept avtomobilindən bəzi elementləri ilə fərqlənir. Üstəlik, TOGG dizaynı mürəkkəbləşdirmək yolunu tutub. Çox güman ki, sedanın seriya versiyası konseptdə olmayan  işıqlandırılan “radiator barmaqlığına”, rombşəkilli naxışları olan daha hamar qara dama, həmçinin kapotdakı emblemə sahib olacaqdır. Bundan başqa, arxa işıq texnikası və bamper də yenilənmiş dizayna malikdirlər. Güzgüləri əvəzləyən kamerlar və “gizlənən” qapı dəstəkləri isə yerlərini qoruyublar.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Artıq yuxarıda qeyd etdiyimiz kimi, TOGG Las veqasdakı sərgiyə hər iki modeli gətirə bilər. İstehsala gəlincə isə, birinci olaraq konveyerə krossover gedəcəkdir. TOGG krossoveri iki modifikasiyada təklif ediləcəkdir: arxa oxda quraşdırılmış 200 at qüvvəli elektrik mühərriki olan arxa ötürməli, ümumi gücü 400 at qüvvəsi olan ikimühərrikli güc qurğusu ilə təchiz edilmiş tam ötürməli. Top versiya 100 km/saata 4,8 saniyəyə sürətlənəcək və 500 kilometrlik yürüş ehtiyatına malik olacaqdır.

TOGG avtomobillərinin istehsalı ilə Gemlikdə inşa edilmiş zavod məşğul olacaqdır. Sonradan TOGG krossoveri və sedanına, hetçbek, yığcam krossover və miniven qoşulacaqdır.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.