Uzunluğu 4950 millimetr olan Highlander krossoverinin çox kiçik, çərçivəli Sequoia ofrouderinin isə çox böyük olduğunu hesab edənlər üçün artıq Toyota şirkəti başqa bir modeli təklif edir. Tamölçülü Toyota Grand Highlander krossoveri Çikaqo avtosalonunda debüt edib. O, şirkətin amerikan çeşidini tamamlamaq, habelə Chevrolet Traverse və ya Honda Pilot kimi iri avtomobillər ilə rəqabət aparmaq üçün nəzərdə tutulub.

Bu, sadəcə Highlander krossoverinin uzadılmış versiyası deyil, Kaliforniyanın Calty studiyasında hazırlanmış orijinal dizayna malik olan müstəqil modeldir. Hər iki model köndələn mühərriki olan GA-K modul platformasına əsaslansa da, kuzov elementləri baxımından heç bir unifikasiya yoxdur. Grand Highlander 18-20 düymlük təkər diskləri ilə təchiz olunur.

Grand Highlander adi Highlander modelindən 166 millimetr uzun (5116 millimetr), 59 millimetr daha enli (1989) və 26 millimetr hündürdür (1781), onun təkər bazası isə 96 millimetr (2946) uzadılıb.

İki model arasında olan fərqi daha bir parametr aydın şəkildə nümayiş etdirir. Amerikada sərnişin bölməsinin ümumi həcmini ölçmək adətdir və adi Highlander modelində bu göstərici 144,5 kub fut (4092 litr), Grand Highlander modelində isə 153 kub fut (4332 litr) təşkil edir. Artım altı faizdir.

Grand versiyasının əsas ideyası böyük sərnişinlərin yerləşəcəyi tamölçülü üçüncü oturacaq sırası və müəyyən qədər tutumlu baqaj bölməsidir. Buna görə də Grand Highlander demək olar ki, arxa tərəfə enməyən düz dama malikdir.

Üçüncü cərgənin arxasındakı bölmənin həcmi adi Highlander modelindəki 453 litrə qarşı (Amerika SAE metoduna görə, döşəmədən tavana qədər) 595 litrdir. İkinci və üçüncü cərgələrin oturacaqları büküldükdə yük bölməsinin həcmi 2761 litrə qədər artır. Adi krossoverdə bu göstərici 2387 litrdir.

Üçüncü sıra, Highlander modelində olduğu kimi, üç sərnişin üçün nəzərdə tutulub. Səkkiz və ya yeddi yerli konfiqurasiyadan birini seçmək olar: birinci halda, ikinci cərgədə üçyerli divan, ikinci halda isə, fərdi tənzimləmələri olan iki kreslo quraşdırılır.

Salonda 13 stəkanaltı və su şüşəsi üçün yerlər, habelə yeddi USB Type-C konnektoru var. Ön oturacaqlar arasındakı boksda isə planşet kompüterini yerləşdirmək olar.

Grand Highlander modelinin standart təchizatına 12,3-düymlük ekranı olan media sistemi (səslə idarəetmə və beş cihazın qoşulmasını dəstəkləyən 4G rabitəsi var), elektriklə tənzimlənən ön oturacaqlar, beşinci qapının servoötürməsi və Toyota Safety Sense 3.0 elektron köməkçilər kompleksi daxildir.

Opsiyalar arasında 12,3-düymlük virtual cihazlar paneli, proyeksiya ekranı, salon güzgüsü əvəzinə displey, dairəvi görüntü kameraları, panoram dam və digər sistemlər var.

Toyota Grand Highlander üç güc aqreqatı ilə təklif olunur. Onlardan ikisi adi Highlander krossoverindəki ilə eynidir - bu, səkkiz pilləli "avtomat" ilə tandemdə çalışan 269 at qüvvəli 2,4-litrlik baza mühərriki, habelə tərkibinə 2,5-litrlik benzin mühərriki, elektrik mühərriki və elektromexaniki variator daxil olan 246 at qüvvəli hibrid güc qurğusudur.

Hər iki variant ön ya tam ötürməli ola bilər. Hibrid krossoverdə tam ötürmə arxa oxda yerləşən elektrik mühərriki ilə təmin edilir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Üçüncü versiya Hybrid Max adlanır və Toyota Crown kross-sedanı ilə eyni güc qurğusuna malikdir. Onun tərkibinə 6-pilləli "avtomat" və elektrik mühərriki ilə tandemdə çalışan 2,4-litrlik benzin turbomühərriki daxildir. Tam ötürmə sistemi standart avadanlıqdır. Hibrid sistemin maksimal hasilatı 367 at qüvvəsi və 542 Nm təşkil edir. Belə bir krossover 60 mil/saat (97 km/saat) həddinə 6,3 saniyəyə sürətlənir və 2,3 ton ağırlığında qoşqunu yedəyə almaq qabiliyyətinə malikdir.

Toyota Grand Highlander adi Highlander modelinin istehsal olunduğu İndianadakı (ABŞ) Toyota zavodunda buraxılacaqdır. Yeni krossoverin satışlarına yay aylarında başlanmalıdır.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.