Volvo şirkəti model xəttində baş vermiş dəyişikliklər barədə məlumat verib. Ən mühüm yenilik XC40 Recharge krossoverinin eksteryerində baş vermiş dəyişiklik və onun kupeşəkilli versiyasının yeni modifikasiyasının peyda olmasıdır.

Bir il bundan öncə debüt etmiş Volvo C40 modeli bu günə qədər ikimühərrikli güc qurğusu ilə təklif olunur. Güc qurğusu ümumilikdə 408 at qüvvəsi və 660 Nm fırlanma anı hasil edir və 4,7 saniyəyə krossoveri 100 km/saat həddinə sürətləndirir. Krossoverin maksimal sürəti 180 km/saat həddində məhdudlaşdırılıb. 78 kilovat-saatlıq (75 kilovat-saat istifadə olunur) batareyası 415-444 kilometr (WLTP) arasında yürüş məsafəsini təmin edir.

Artıq tamötürməli Volvo C40 Recharge Twin modifikasiyasına monoötürməli C40 Recharge versiyası da qoşulub. 231 at qüvvəsi və 330 Nm fırlanma anı hasil edən yeganə elektromotor ön təkərləri hərəkətə gətirir.

Yeni versiya tam ötürməli modifikasiyadan 140 kiloqram yüngüldür ki, buna, o cümlədən, 69 kilovat-saatlıq (istifadə edilən həcm 67 kilovat-saatdır) batareya sayəsində də nail olunub. 100 km/saata sürətlənmə müddəti 7,4 saniyəyə qədər artıb, makimal sürət həddi isə 160 km/saata qədər azalıb.

Çəkidəki hissolunacaq fərq sayəsində yürüş ehtiyatı zərər görməyib – bu göstərici 406-434 kilometr arasındadır. Hər iki akkumulyator bloku 150 kilovatlıq yükləməni dəstəkləyir.

Almaniyada Volvo C40 Recharge modeli 45.280 avrodan başlayan qiymətlər ilə satılır. Tamötürməli krossover üçün isə 9.000 avro əlavə ödəniş tələb olunur.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.