Bu gün Hyundai şirkəti yeni Sonata Hybrid modelini təqdim edib. Hibrid Sonata Hyundai şirkətinin hibrid avtomobilləri üçün hazırladığı yeni ötürmələrin edilməsi texnologiyası ilə təchiz edilib..

Active Shift Control (ASC) texnologiyası hibrid güc qurğusunun idarəetmə blokunun yeni proqram təminatı sayəsində çalışır. Elektrik mühərrikinin daxilində quraşdırılmış verici transmissiya valının fırlanmasını izləyir və saniyədə 500 dəfə bu göstəricini bloka ötürür. Blok isə, öz növbəsində, ani olaraq qutunun valının fırlanma sürətini mühərrikin valının fırlanma sürəti ilə sinxronlaşdırır.

Dəqiq və yeyin sinxronlaşdırma sayəsində ötürmələrin müddəti 30% azaldılıbdır. İndi ötürmənin həyata keçirilməsinə 350 millisaniyə gərəkdir ki, əvvəllər bu göstərici 500 millisaniyəyə bərabər idi. Yeni texnologiya nəinki ötürmələrin sürətinin artırılmasına, həmçinin rəvanlığa və qənaətcilliyə də xidmət edir. Bundan başqa, yeni texnologiya, sürtünmələrin minimallaşdırılması sayəsində ötürmələr qutusunun ömrünü də uzadır.

Yeni Sonata Hybrid günəş panellərindən ibarət olan panoram tavana da sahib olub. Bu panellər yürüş ehtiyatını artırmağa, eyni zamanda batareyanın boşalması halında yükləmə terminalına qədər olan bir neçə kilometri qət etməyə yardım edəcəkdir. Sistemin gündə altı saat doldurulması halında hibrid sahibi ildə əlavə 1300 km yürüş məsafəsi əldə etmiş olacaqdır.

Hibrid Sonata 2,0-litrlik benzin mühərriki və elektromotordan ibarət olan hibrid güc qurğusu ilə təchiz edilir. Altıpilləli hibrid ötürmələr qutusu ilə tandemdə çalışan güc aqreqatı 195 at qüvvəsi hasil edir. Qarışıq rejimdə hibrid qurğu 100 kilometrə beş litr yanacaq sərf edir.

Eyni zamanda, yeni Sonata, NFC texnologiyalı smartfonun xüsusi tətbiqi ilə işləyən rəqəmsal açar sisteminə də sahib olub. Smartfonun köməyi ilə avtomobilin sahibi məsafədən mərkəzi kilidi qapada, siqnalizasiyanı aktivləşdirə və mühərriki işə sala bilər. Bundan başqa, Sonata sedanının yeni nəsli bir sıra elektron yardımçılara da sahib olub. Onların arasında qəzaları önləyən sistem, zolaqda saxlama funksiyası, piyadanı aşkarlayaraq avtomatik əyləcləməni həyata keçirən sistem də vardır.