Yeni nəsil Skoda Octavia universalının prototipi qış sınaqları zamanı qeydə alınıb. Böyük ehtimalla, sınaqlar İsveçin şimal hissəsində keçirilir. Şəkilləri Britaniyanın “Auto Express” dərgisi dərc edib.

Dərc edilmiş təsvirlərdən də göründüyü kimi, yeni universalın kuzovunun formasında inqilabi dəyişikliklər baş verməyəcək. Vizual olaraq yeni universal daha uzun arxa çıxışa və beşinci qapının daha maili şüşəsinə sahibdir. Bu isə, yeni universalın baqaj həcminin təxmini 600 litr olacağından xəbər verir. Digər bir yenilik ön işıq texnikasında olmalıdır – “dörd gözlü” fənərlər blok-fənərlər ilə əvəzlənəcəkdir.

Octavia modelin salonu isə ciddi dəyişikliklərə məruz qalmalıdır. Skoda Scala və Kamiq modellərini nümunə olaraq götürsək, mediasistemin əlahiddə displeyi və ön panelin “kristallik” fakturasının olacağını ehtimal etmək mümkündür. Artıq virtual cihazlar paneli ilə kimisə təəccübləndirmək mümkün deyil. Cari Octavia modeli üçün belə cihazlar paneli opsional olaraq təklif edilir və bu vəziyyətin dəyişəcəyini ehtimal etmirik. Avtomobilin standart modifikasiyaları əvvəlki kimi analoq cihazları ilə təklif ediləcəkdir.

Modelin mühərrik çeşidində də elə bir ciddi dəyişikliyin olacağını güman etmirik. Çex istehsalçısının rəhbəri Kristian Ştrube də mühərrik çeşidinin dəyişməz qalacağını bildirib: “ Baza mühərriklərindən imtina etməyəcəyik. Biz premium deyilik. Octavia səmərəli seçim olaraq qalır. O, normal insanlar üçün normal avtomobildir”.

İlkin məlumatlara görə, Octavia modeli hibrid modifikasiyasında da təklif ediləcəkdir. Rusiyanın “Avtorevyu” nəşri Skoda Octavia modelinin yeni nəsli bu ilin üçüncü rübündə işıq üzü görəcəyini iddia edir. Çox güman ki, modelin kütləvi debütü sentyabr ayında keçiriləcək Frankfurt avtosalonunda baş tutacaqdır.