Ortamühərrikli SSC Tuatara hiperkarı hazırda dünyanın ən sürətli seriya avtomobili fəxri adının sahibidir. Bu ilin yanvar ayında hiperkar Floridadaki Johnny Bohmer Proving Grounds sınaq poliqonunda yeni rekorda imza atıb: amerikan hiperkarı iki istiqamətdə keçirilən yürüşdə ortalama 455,3 km/saat sürətini qeydə alıb. Ancaq SSC North America bununla kifayətlənmək niyyətində deyil və yeganə modelinin iki yeni versiyasını hazırlayıb.

Bu dəfə əsas diqqət maksimal sürətə deyil, trekdəki idarəetməyə yönəldilib. Bu səbəbdən də, yerəbasma gücünün artırılması məqsədi ilə, rəvan və tənzimlənmiş səthə malik olan hiperkar yeni inkişaf etdirilmiş aerodinamik kuzov dəsti ilə təchiz olunub. Yeni dəstin yaradılmasında baza modelinin dizaynı üzərində işləmiş Ceyson Kastriota da iştirak edib.

Birinci versiya SSC Tuatara Striker adlanır: şirkətdən aviasiya və zərbə qırıcısı (strike fighter), yəni hücum təyyarəsi ilə paralellər gətirilir. Kupe, hücum bucağını tənzimləmək üçün hidravlik sistemə sahib olan iri arxa antiqanada, şaquli stabilizatora, arxa hissədəki iri diffuzora, ön splitterə və digər aerodinamik elementlərə sahib olub. 

Nəticədə, avtomobilə təsir edən yerəbasma gücü üç dəfə artıb! 160 mil/saat (258 km/saat) sürətində yerəbasma gücü 4.900 Nyutona (və ya 500 kiloqrama) çatır. Yerəbasma gücünün 45,4 faizi ön oxun, 54,6 faizi isə arxa oxun payına düşür. SSC şirkətindən bu yeniliklərdən hiperkarın növbəti nəslində istifadə olunacağına söz veriblər.

SSC Tuatara Striker kupesinin güc aqreqatı baza modeli ilə eynidir. Yastı dirsəkli valı olan 5,9-litrlik V8 biturbomühərriki bir muftalı yeddi pilləli robotlaşdırılmış ötürmələr qutusu ilə tandemdə çalışır və arxa təkərləri hərəkətə gətirir.

Mühərrikin gücü istifadə edilən yanacaqdan asılıdır: adi benzindən istifadə zamanı aqreqatın gücü 1.369 at qüvvəsi, E85 yarış yanacağından istifadə halında ilə isə 1.774 at qüvvəsi təşkil edir.

SSC Tuatara Aggressor adlanan ikinci versiya heç renderlərdə belə göstərilməyib. Bu versiya orijinal hiperkarın trek üçün nəzərdə tutulmuş daha aqressiv versiyası olacaqdır. Tuatara Aggressor modelinin ümumi yollara çıxışı olmayacaqdır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt

Əsas fərqlər – salonda quraşdırılan təhlükəsizlik qəfəsi və beş nöqtəli kəmərləri olan yarış oturacaqları, karbonla tərtib edilmiş yüngül interyerdir. Bundan başqa, hiperkarda fərqli buraxılış sistemi quraşdırılır və onun mühərrikinin gücü 2.200 at qüvvəsinə qədər artırılır.

Striker versiyasının elan edilmiş tirajı baza modeli ilə eynidir - 100 nüsxə. Ancaq trek üçün nəzərdə tutulmuş Aggressor versiyası cəmi 10 nüsxədə buraxılacaqdır. Artıq ilk müştəri avtomobillərinin yığılmasına başlanılmışdır.