Bu, ilin əvvəlindən bəri avtomobil sənayesindəki dördüncü rebrendinqdir. Bir müddət bundan əvvəl, Kia, General Motors və Peugeot şirkətləri emblemlərini dəyişdiriblər. İndi isə, Renault şirkəti yenilənmiş loqonu tətbiq edəcəyini bildirib. Əslində, bu emblem hələ yanvar ayında Renault 5 konsept avtomobilində nümayiş etdirilmişdi. Korporativ əfsanəyə görə, auditoriyanın müsbət rəyi Renault rəhbərliyini yeni emblemi rəsmi olaraq təsdiqləməyə sövq edib.

Korporativ romb qorunub saxlanılıb, lakin Renault şirkətinin 30 ildir ki sadiq qaldığı üçölçülü qrafika yerini rəvan monoxrom dizayna verib. Demək olar ki, bənzər Renault loqosu keçən əsrin yetmişinci və səksəninci illərdə fransız istehsalçısı tərəfindən tətbiq edilirdi. Rəsmi olaraq, Renault şirkətinin baş dizayneri Jil Vidalın rebrendinqdən məsul olduğu bildirilib. Qeyd etmək lazımdır ki. Vidal Renault komandasına keçən ilin payızında qatılıb, yenilənmiş loqonun hazırlanmasına isə 2019-cu ildə yaşıl işıq yandırılıb.

Renault şirkəti 1899-cu ildən bəri mövcuddur və yeni loqo onun tarixindəki doqquzuncu loqotipdir. Qeyd etmək gərəkdir ki, rombdan ilk dəfə 1925-ci ildə istifadə olunub. Yeni loqotip qısa müddət ərzində markanın veb saytlarında və reklam materiallarında görünəcəkdir. Avtomobillərdə və diler mərkəzlərində isə,  2022-ci ildən başalayaraq istifadə olunacaqdır. İkiölçülü loqoya tam keçid 2024-cü ildə, model sırasının planlaşdırılmış yenilənməsindən sonra başa çatacaqdır.