Tesla şirkəti yenidən Model S və Model X elektromobillərini ənənəvi sükan çarxı ilə təklif etməyə başlayıb. Əvvəllər bu modellər yalnız U-formalı şturval ilə təchiz edilirdilər. Tesla şirkətinin rəhbəri İlon Mask şturvalın aktiv müdafiəçilərindən biri idi və o, ənənəvi sükanın amerikan markasının avtomobillərinə qayıtmayacağını vəd etmişdi. Lakin əksəriyyət şturvalı layiqincə qiymətləndirmədi və görünən odur ki, şirkət tənqidlərdən nəticə çıxarmağa məcbur olub: artıq yeni Model S və Model X elektrokarlarını heç bir əlavə ödəniş etmədən standart dairəvi sükan çarxı ilə sifariş etmək olar.

Yeni sükan çarxı əvvəl elektromobillərdə quraşdırılan ənənəvi sükan çarxından fərqlənir. O, sükanaltı dəstəklərdən məhrum edilib, onların funksiyaları isə sensorlu düymələrə və fırlanan top-kontrollerlərə həvalə edilib.

Bununla belə, arzu edənlər öz Tesla avtomobillərini şturval ilə sifariş verə bilərlər. İndi belə sükan opsiya şəklində təklif edilir. Əvvəllər belə seçimi olmayan Model S və Model X sahiblərinə gəlincə isə, onlar 700 dollar qarşılında şturvalı standart sükanla əvəz edə bilərlər. Bu məbləğə həm sükan çarxı, həm də onun quraşdırılması xərcləri daxildir, lakin bu xidmət mart ayından sonra əlçatan olacaqdır.

Şturvalın həm əleyhdarları, həm də tərəfdarları var. Belə ki, sonuncular onun görüş dairəsinə mane olmadığını, dairəvi sükandan fərqli olaraq, futuristik görünüşə malik olduğunu və təhlükəsizliyə təsir göstərmədiyini qeyd ediblər. Bundan əlavə, onların fikrincə, ona öyrəşmək çox asandır. Tənqidçilər döngələrdə yaranan narahatlığı qeyd edərək, adi sükan çarxında quraşdırılan kiçik sensorlu düymələrdən narazı qaldıqlarını bildiriblər.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.