“Japan Times” nəşrinin məlumatına görə, yapon avtomobil istehsalçıları gələn il avtomobillərin qiymətlərini artırmağı düşünürlər. Nəşrin keçirdiyi sorğuya əsasən, Toyota, Nintendo və Shiseido şirkətlərinin daxil olduğu 80 aparıcı yapon şirkətlərinin 23 faizi qiymət siyasətinə yenidən baxmağa hazırlaşır. Respondentlərin 49 faizi belə bir addımı nəzərdən keçirdiklərini, lakin hələlik yekun qərar qəbul etmədiklərini qeyd ediblər.

Respondentlər qiymətləri qaldırmaq məcburiyyətində olduqlarının bir neçə səbəbini göstərilbər. Onlar əsas səbəblərin material və xammalın maya dəyərinin artması, logistikanın bahalaşması, eləcə də yenin digər dünya valyutalarına nisbətdə ucuzlaşması oluduğunu bildiriblər. Yaponiyanın milli valyutası 2020-ci ildən başlayaraq tədricən dollar və avroya nisbətən ucuzlaşır və 2022-ci ilin yazında bu tendensiya nəzərəçarpacaq dərəcədə artıb.

Nəşr noyabrda Tokiodakı istehlak qiymətlərinin ötən illə müqayisədə 3,6 faiz artdığını qeyd edib ki, bu da 1982-ci ildən bəri rekord göstəricidir.

Toyota daha əvvəl qiymət siyasətinə yenidən baxacağını elan etmişdi. Materialların qiymətlərinin kəskin şəkildə artması, mikroçiplərin uzunçəkən çatışmazlığı və istehsalın dayandırılması yapon istehsalçısının cari maliyyə ilinin üçüncü rübünü zərərlə başa vurmasına səbəb olub. Şirkət rəhbərliyi böhrandan çıxış yolunu Yaris və Corolla kimi “başlanğıc” modellərin qiymətlərinin artırılmasında görür.

Lakin şirkət qiymət artımının “məhdud” olacağını və modellərin əlçatan imicini qoruyub saxlayacağını bildirərək istehlakçıları sakitləşdirməyə çalışıb. Qiymət artımını hiss edəcək ilk bazar ABŞ olmalıdır.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.