iSeeCars agentliyinin mütəxəssisləri ABŞ-da yeni avtomobillərdən baha başa gələn üçillik avtomobilləri sıralayıblar. Məlum olub ki, 2022-ci ildə orta hesabla üçillik avtomobil öz dəyərinin 16,9 faizini itirdiyi halda, 2021-ci ildə üç yaşlı avtomobillərin orta köhnəlməsi 23,8 faiz təşkil edib. Beş kütləvi modelin sahiblərinin bəxti isə ümumiyyətlə gətirib, çünki indi onların işlənmiş avtomobilləri üç il əvvəlki yeni avtomobillərdən bahadır.

iSeeCars icmalçıları üç yaşlı Porsche 911 sportkarının 2019-cu ildə satılan yeni modeldən 11,4 min dollar baha olduğunu aşkar ediblər – bu, mütləq rekorddur. Toyota RAV4 Hybrid (883 dollar), Jeep Wrangler Unlimited (880 dollar) və Porsche 718 Cayman (1342 dollar) modellərinin sahibləri də qazanc əldə edə bilərlər, ikiqapılı Wrangler alıcıları isə, heç nə əldə etməsələr də, itirməyəcəklər – fərq cəmi 90 dollar təşkil edir.

Görünməmiş dərəcədə aşağı amortizasiya digər modellər üçün də xarakterikdir və bu təkcə bahalı avtomobillərə aid deyil. Yapon və Koreya istehsalı olan hetçbeklər və krossoverlər də özlərini pis göstərməyiblər: Toyota Corolla, C-HR və RAV4, Kia Rio, Honda Civic və Subaru Crosstrek (XV) sahiblərinin üç il ərzində itirdikləri min dollardan azdır. Eyni dərəcədə sərfəli (nisbi mənada) sərmayə qoyuluşu Mercedes-Benz G-Class, Tesla Model 3, Chevrolet Camaro və Porsche 718 Boxster modellərinin alınmasına çəkilən xərc hesab olunur.

iSeeCars reytinqi ABŞ-da 3 və 5 illik avtomobillərin alqı-satqısı üzrə üç milyon sövdələşmənin təhlilinə əsaslanır. Mütəxəssislər hesab edirdilər ki, beşillik avtomobillər arasında qalıq dəyərini qoruyan ən yaxşı avtomobil Jeep Wrangler ofrouderidir. Ən az amortizasiyası olan avtomobillər beşliyinə Porsche 911, Toyota Tacoma və Honda Civic modelləri də daxil olublar.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.