Zeekr X krossoverinin ilk şəkillərinin dərcindən ay yarım keçib və Geely holdinqi yalnız indi avtomobil haqqında təfərrüatları tam şəkildə açıqlayıb. X krossoveri Zeekr törəmə brendinin üçüncü modelidir. Çin onun üçün ilk bazar olsa da, bu ilin sonunda məhz Zeekr X krossoveri Çin markasının Avropadakı pionerinə çevriləcəkdir.

Zeekr X ölçüləri baxımından bizə tanış olan BMW X1 və Volvo XC40 modellərinə yaxındır. Onun uzunluğu 4450, eni - 1836, hündürlüyü isə 1572 millimetrdir. Oxlar arasındakı məsafə 2750 millimetr, baza təkər diskləri isə 19 düymlükdürlər. Şirkət krossoverin yaradılmasında İsveçdəki dizayn studiyasının aparıcı rol oynadığını xüsusilə vurğulayır. Dizaynerlər komandasına Bentley markasının sabiq baş stilisti Ştefan Zilaffın rəhbərlik edib.

Zeekr X qeyri-adi dizaynı və bir sıra atipik həlləri ilə seçilir. Məsələn, çərçivəsiz qapılar tutacaqlardan məhrumdur: elektrik kilidlərinin açılmasına dam dirəklərindəki miniatür düymələr cavabdehdir. Gündüz hərəkət işıqları h-formalı naxışa malikdirlər və onların hər birində 41 LED var.

Əsas matrisa fənərləri isə aşağıda yerləşirlər. Yan güzgülər çərçivəsiz konstruksiyaya malikdirlər, yükləmə konnektorunun lyuku isə etibarlı şəkildə gizlədilib. Yuxarı açılan beşinci qapıda iki şüşə var: yuxarıdakı demək olar ki, üfüqi vəziyyətdə yerləşir və əslində damın davamıdır.

Salonda da çoxlu sayda maraqlı həllər var. Məsələn, elektrik pəncərəsinin düymələrinin və ya dəbli palto qarmaqlarının dizaynına nəzər salın. Sürücünün başının üstündə yerləşən eynək qutusu qalın məxmər parçadan hazırlanıb.

Media sistemin 14,6-düymlük displeyini isə istiqamətləndiricilər vasitəsi ilə ön panel boyunca hərəkət etdirmək olar: onlar panelin mərkəzindən sağ tərəfə düzülüblər və sərnişinə ekrandan təkbaşına istifadə etməyə imkan verirlər.

Sürücünün qarşısında cihazlar panelinin yığcam ekranı və proyeksiya displeyi var. Transmissiyanın idarə olunmasına sağ sükanaltı dəstək cavabdehdir. Ön paneldə demək olar ki, analoq düymələr qalmayıb.

Maraqlıdır ki, Zeekr X həm beş yerlik, həm də dörd yerlik konfiqurasiyada təklif olunacaqdır. Döğrudur, hələlik ikinci cərgədə kapitan kreslolarının əvəzinə sərt mərkəzi hissəyə və iki təhlükəsizlik kəmərinə malik olan bütöv divan quraşdırılıb.

Zeekr X krossoveri SEA (Sustainable Experience Architecture) modul platformasına əsaslanır. Xatırladaq ki, brendin digər iki modeli də bu platformada inşa edilib. Asqı - yaylıdır. X krossoveri üçün nəzərdə tutulmuş dartma batareyaları haqqında məlumat yoxdur və yalnız pasport üzrə yürüş məsafəsi elan edilib - versiyadan asılı olaraq 500 ilə 560 kilometr arasında.

Zeekr X krossoverinin baza versiyası 272 at qüvvəli elektrik mühərriki və arxa ötürməyə malikdir. Boş çəkisi 1840 kiloqram olan belə bir krossover 185 km/saat həddinə qədər sürətlənə bilər. 

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Çəkisi 1945 kiloqram olan tam ötürməli versiyanın ön oxunda 156 at qüvvəli mühərrik yerləşdirilib və sistemin ümumi gücü 428 at qüvvəsinə bərabərdir. Maksimal sürət bir qədər yüksəkdir (190 km/saat), lakin tamötürməli Zeekr X 100 km/saat həddini dörd saniyədən az müddətdə yığa biləcəkdir.

Krossoverin ilk canlı nümayişi apreldə keçiriləcək Şanxay avtosalonunda baş tutacaqdır. Qiymətlər də həmin zaman açıqlanacaqdır. Zeekr X krossoveri əlbəttə ki, Çində istehsal olunacaq və buradan da digər bazarlara ixrac ediləcəkdir.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.