Bu günə qədər iştirak etdiyim çoxsaylı təqdimat mərasimlərinin heç biri belə əyləncəli və şən başlamayib. Nürnberq şəhərində keçirilən yeni nəsil MAN Lion’s City şəhər avtobusunun təqdimat mərasiminə içərisində bar, musiqili işığı olan «DiscoBus» adlı avtobusla yollandıq.

Bu avtobusun təyinatı təkcə MAN şirkətinin qonaqlarını əyləndirmək deyil, o həmçinin alman avtobus və yük avtomobilləri istehsalçısının fərdi sifarişlər əsasında xüsusi nəqliyyat vasitələrinin hazırlanması imkanlarının nümayişidir.

Gəlin bir balaca bu alman istehsalçısının tarixinə nəzər salaq. 1758-ci ildə yaradılan şirkət Maschinenfabrik Augsburg-Nürnberg AG adını daşıyıb. Yaranma tarixindən də göründüyü kimi, MAN şirkəti ən qədim tarixə malik olan istehsalçılardan biridir. Hazırda şirkətin mənzil-qərargahı Münhendə yerləşsə də, MAN-nın tarixi Nürnberqlə sıx şəkildə bağlıdır. 

MAN şirkəti ilk yük avtomobilini 1915-ci ildə istehsal edib. 1927-ci ildə isə şirkət dünyada ilk birbaşa çiləməsi olan dizel mühərrikinin seriya istehsalına başlayıb. İlk MAN emblemini daşıyan avtobus isə 1920-ci ildə işıq üzü görüb. Təkcə bu fakt MAN şirkətinin avtobus inşası sahəsində nə qədər böyük təcrübəyə malik olmasını sübut edir. İllərin təcrübəsini heç nə ilə əvəz etmək mümkün deyildir.

Bu siyahını davam etdirmək də olar, çünki alman şirkətinin nailiyyətlərinin sayı-hesabı tükənməzdir, amma bu günki söhbətimizin mövzusu bu deyildir.

Döğrudur, ilk dəfədir ki, yeni avtobusların təqdimatına dəvət almışdım - açığı belə bir tədbirdə iştirak etmək mənim üçün çox maraqlı idi. Görəsən istehsalçı dəvət edilən mətbuat nümayəndələri üçün hansı sürprizlər hazırlayıb və ən əsası test sürüşləri nəzərdə tutulubmu? 

DiscoBus - fərdiləşdirmə imkanlarının göstəricisidir

Maraqlıdır ki, dəvət edilmiş media nümayəndələrinin əksər hissəsi kommersiya avtomobilləri sahəsində ixtisaslaşmış dərgilərin nümyəndələri idi. Bu nümayəndələrin arasında minik avtomobilləri üzrə ixtisaslaşmış jurnalistlər mən, Latviya və Estoniyadan olan iki həmkarım idi. Əlbəttə, avtobusların testləri də nəzərdə tutulmuşdur, özü də ayrılmış meydançada deyil, birbaşa Nürnberqin küçələrində.

Sorğu-suallardan sonra məlum oldu ki, bu testlərdə iştirak etmək üçün «D» kateqoriyasına malik olmaq kifayət etmir, xüsusi lisenziyanın olması gərəkdir. Beləliklə bizə, üç avtomobil jurnalistinə, dünya premyerası keçirilən avtobusları yalnız sərnişin kimi sınaqdan keçirmək qalırdı.

Çal-çağırlı, müxtəlif rənglərlə alışıb-yanan, insanlarla dolu «DiscoBus» Nürnberqin küçələri ilə aramla hərəkət edərək bizi təqdbirin keçiriləcəyi məkana aparırdı. Almanlar tədbiri bilavasitə istehsal müəssisəsinin anbarlarının birində təşkil etmişdilər. Mərasimin təmtəraqdan, dəbdəbədən uzaq olması tədbirin və buraya toplaşanların ciddiyətindən xəbər verirdi. Toplaşanlar üçün yeganə əyləncə mənbəyi mərasimdə çıxış edən caz-bənd idi. 

DiscoBus aramla Nürnberq küçələri ilə irəliləyir

Tədbirdə çıxış edənlər natiqlər ilk növbədə bizi MAN şirkətinin tarixi ilə tanış etdilər və istehsalçının şəhər avtobusları sahəsində ənənələirindən və nailiyyətlərindən xəbər verdilər.

1920-ci ildən bu günə qədər buraxılan avtobusların nümayiş etdirildiyi film də nümayiş etdirildi. Çıxış edən şirkət nümayəndələri yeni Lion’s City avtobuslarının sıfırdan hazırlandığını, onaların daha çox effektivliyə, rahatlığa, erqonomikaya və müasir dizayna istiqamətləndiyini bildirdilər. 

Effektivlikdən danışan zaman, şirkət nümayəndəli yeni avtobusların tərkibinə ən yeni D15 seriyasında olan dizel mühərriki daxil olan hibrid güc qurğusu ilə təchiz edildiyini bildirdilər. Bəli, əziz oxucularımız, artıq müasir MAN şəhər avtobusları da hibrid texnologiyaları və nəqliyyat vasitəsinin işıqfor və ya dayanacaqlarda mühərrikini söndürən start/stop sistemi ilə təchiz edilir! 

Yeni texnologiyalar ilk növbədə şəhərin ekologiyasına vurulan ziyanı minimuma endirmək məqsədi daşıyır. Digər tərəfdən ictimai nəqliyyat sahəsində fəaliyyət göstərən nəqliyyat müəssisləri üçün vacib olan yanacaq sərfiyyatının azaldılmasına xidmət edir.

Əlbəttə ki, bütün bu nailiyyətlərin əldə edilməsində yeni Lion’s City modeli ilə birlikdə debüt edən D1556 LOH dizel mühərrikinin xidmətləri böyükdür.

Təqdimat mərasimi

Yeni gəlmişkən, MAN şirkətini təkcə yük avtomobilləri və avtobus istehsalçısı kimi tanımaq yalnışdır. Alman şirkəti həmçinin nəqliyyatın müxtəlif sferaları üçün dizel mühərriklərinin istehsalı ilə məşğul olur. Bizim tədbirimiz də şirkətin Nürnberqdə yerləşən və mühərrik istehsalı ilə məşğul olan zavodunda təşkil edilmişdi. Təşkilatçılar bizi zavodun fəliyyəti ilə yaxından tanış etdilər və mühərriklərin istehsal prosesini bilavasitə izləməyə imkan yaratdılar. Hər şeylə yaxından tanış olmaq üçün lazımi şərait vardı - yeganə şərt çəkilişlərin aparılmaması idi.

Səbəbini də açılamağa ehtiyac yoxur - almanlar yeni texnologiyalarının rəqiblərin əlinə keçməsini istəmirlər. D1556 LOH mühərrikinə gəldikdə isə 9,0-litrlik iş həcmi olan altı silindrli dizel mühərriki MAN şirkətinin ən yığcam və müasir texnologiyalarla təchiz edilən son nailiyyətlərindən biridir. MAN nümayəndələri mühərrikin sələfinə nisbətən nəinki daha sakit, yüngül və yığcam, həmçinin onun daha qənaətçil və uzunömürlü olduğunu bildirilər. Yeni mühərrik Euro 6d ekoloji normalarının bütün tələblərinə cavab verir. 

Bu mühərrikin üstün cəhətlərindən biri də opsionaı EfficientHybrid hibrid modulu ilə təchiz edilməsidir. D1556 LOH mühərriki 280 (1200 Nm), 330 (1400 Nm) və 360 (1600 Nm) at qüvvəsi gücündə təklif edilir. Bundan başqa, mühərrik SCR (Selective Catalytic Reduction) və özü bərpa olunan MAN CRT (Continuously Regenerating Trap) filtrləri ilə təchiz edilir ki, bu texnologiyalar sayəsində atmosferə atılan tullantıların səviyyəsi dəfələrlə azaldılmış olur. Lakin, mühərrikdə tətbiq edilən müsair texnologiyalar bununla bitmir.

Məsələn, PRV (Pressure Relief Valve) klapanlar sisteminin tətbiqi yanacağa ciddi qənaət etmək imkanı verir.

Yeni mühərrikdə tətbiq edilən texnologiyaları saysam ən azından bir gün bizim saytı tərk etməməniz gərək olacaq. Odur ki, mühərrik haqqında daha çox məlumat almaq istəsəniz MAN şirkətinin Azərbaycandakı rəsmi nümayəndəsi Improtex Trucks & Buses şirkətinə müraciət etmənizi məsləhət görərdim. Şirkətin yüksək səviyyəli mütəxəssisləri sizi ətraflı şəkildə məlumatlandıracaqdırlar.

Avtobuslar salona daxil olur

Qayıdaq təqdimat mərasiminə. Təqdimatlardan sonra yeni avtobuslar ilə ertəsi gün tanış olacağımıza qənaət gətirmişdik. Lakin, sən demə yanılmışdıq. Dəvət edilmiş rəqs qrupunun «alışdırıcı» hərəkətlərinin müşayəti ilə tədbir məkanına sürətlə yeni uzun bazalı MAN Lion’s City avtobusu daxil oldu.

Digər tərəfdə isə pərdə arxasında gizlədilmiş standart bazalı avtobus gözlərimiz önündə canlandı. Təşkilatçılar avtobusların ixtiyarımıza verildiyini və onlarla tanış olmaq üçün kifayət qədər zamanımızın olduğu bildirildi. 

İlk növbədə avtobusların dizaynı barədə danışmaq istərdim. 10 il bundan öncə buraxılmış sələfinə nisbətən yeni avtobusların daha cəlbedici eksteryerə malik olduğuna şübhə etməmək olmaz. İstehsalçının nümayəndələri yeni avtobusların artıq işıqdiodlarından hazırlanmış ön və arxa fənərlər ilə təchiz edildiyini xüsusi vurğulayırdılar. Bundan başqa, sürücü yerinin erqonomikasının yüksəldildiyi də vurğulanırdı. Yeri gəlmişkən, Lions’s City sürücülərinin ixtiyarında kifayət qədər displeylər vardır - onlar vasitəsi ilə salonda  və avtobusun ərtafında baş verənlərdən asanlıqla məlumat almaq olar.

D1556 LOH mühərriki

MAN sürücü yerinin ümumi salondan ayrılmasının iki üsülünu təklif edir - qismən və tam təcrid edilmiş kabina. MAN mütəxəssisləri sürücünün rahat işini təmin etmək üçün bütün imkanlarını səfərbər ediblər. Əlbəttə ki, sərnişin rahatlığı üzərində də ciddi işlər görülmüşdür. İlk növbətə avtobuslar yüksək rahatlığı təmin edən PCV (Premium Comfort Valve) amortizatorları ilə standart olaraq təchiz edilirlər.

Digər tərəfdən sərnişinlərin avtobusa rahat minib-düşmələri üçün qapılar 10 santimetr genişləndirilmişlər. İllərin sınağından çıxmış hidravlik qapı mexanizmlərinin artıq yağlama və tənzimləmə tələb etmir. Bu mexanizmlər daha etibarlı və uzunömürlüdürlər. Ehtiyat hissələrinin ucuzluğu ilə birlikdə bütün bunlar nəqliyyat şirkətlərinin xərclərinin azaldılmasına da xidmət edəcəkdir.

Avtobusların salonunda da yeniliklər mövcuddur. Oturacaqların bərkitmə nöqtələri yaxşılaşdırılmış, yeni rahat tutacaqlar quraşdırılımışdır. Yeni avtobusların salonu işıqdiodlarından hazırlanmış işıqlandırmaya məxsusdur və bu işıqlandırma müxtəlif rənglərdə ola bilər. Rahat oturacaqlar və erqonomik dəstəklərlə yanaşı MAN Lion’s City sərnişinlərini daha bir sürpriz gözləyir - avtobusun salonu boyu səpələnmiş USB-portlar. Yəqin ki, bu avadanlığa olan marağı və gündəlik tələbatı izah etmək gərək deyildir. 

Mühərriklərin yığıldığı konveyer

Sırf sərnişin kimi yeni avtobuslar məni çox qane etdi, lakin əsas məsələ onların şassisində olan yeniliklərin sürücü tərəfindən qiymətləndirilməsi idi. Bu sahədə köməyimə 15 il bu sahədə təcrübəsi olan litvalı həmkarım gəldi. Onun sözlərinə görə, yeni «şirləri» «ram» etmək daha rahat və asandır. Avtobuslar bu sahədə sələflərindən çox-çox irəli gediblər. 

Həmkarımızın ən çox xoşuna gələn isə, 12-litrlik mühərrikə malik olan 13-metrlik üç oxlu Lion’s Coach turistik avtobusu olmuşdur. Həqiqətən də möhtəşəm bir avtobusdur - modifikasiyasından asılı olaraq 53-67 arasında sərnişini daşıya bilən layner xüsusi rahatlığı və erqonomik salonu ilə seçilir. Uzun məsafələrə səfər üçün ideal bir nəqliyyat vasitəsidir. Bu avtobuslar adaptiv kruiz-kontroldan tutmuş zolaqda saxlama kimi bir çox müasir elektron köməkçilərə malikdir.

Məlum məsələdir ki, təqdimat mərasimindən sonra bizi qapının önündə ətrafı müxtəlf işıqlarla rəngləndirilən və oynaq musiqi ilə şənləndirən «DiscoBus» gözləyirdi...

Bakı-Nürnberq-Bakı

Improtex Trucks&Buses şirkətinə tədbirdə iştirakımızı təmin etdiyi üçün təşəkkür edirik!

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt