Bentley şirkəti Bentayga modelinin mühərrik çeşidini səkkiz silindrli benzin mühərrikinin hesabına genişləndirmək fikrindədir. “Auto Motor ind Sport” nəşrinin məlumatına görə, belə modifikasiya gələn ilin yayında işıq üzü görəcəkdir.

Çox güman ki, söhbət Porsche Cayenne və Lamborghini Urus modelində quraşdırılan 4,0-litrlik səkkiz silindrli turbomühərrikdən gedir. Porsche Cayenne modelində bu mühərrik 550 at qüvvəsi və 770 Nm fırlanma anı hasil edir. Dünyanın ən yeyin krossoveri sayılan Lamborghini Urus modelində isə bu rəqəm 650 at qüvvəsi və 850 Nm təşkil edir. Cayenne 100 km/saat sürətini 3,9 saniyəyə, Urus isə 3,6 saniyəyə toplayır. Güc aqreqatı səkkiz pilləli avtomatik ötürmələr qutusu ilə tandemdə çalışır.

Bundan başqa, Bentayga modelinin altı silindrli biturbo mühərrikinin əsasında yaradılan 462 at qüvvəli hibrid güc qurğusu ilə təchiz ediləcəyi də gözlənilir. Böyük ehtimalla, bu Porsche Panamera modelindən tanış olan 330 at qüvvəli 2,9-litrlik mühərrik ilə 136 at qüvvəli elektromotorun tandemidir.

Hazırda Bentley Bentayga krossoveri 435 at qüvvəli dizel və 608 at qüvvəli 6,0-litrlik W12 benzin mühərriki ilə təklif edilir.