Oktyabr ayının əvvəlində BMW şirkəti Parisdə keçrilmış avtosalonda yeddinci nəsil 3-Series sedanını təqdiim edib. Məlum məsələdir ki, yeni sedanın ardınca universal kuzovlu 3-Series, həmçinin 4-Series kupe və kabrioleti də yenilənməlidir.
Bu günlərdə alman istehsalçısı Braziliyadakı patent ofisində yeni nəsil 3-Series universalının patentini qeydə alıb. Patent şəkillərində universalın yalnız eksteryeri təsvir edilibdir. Çox güman ki, BMW 3-Series universalın interyeri də sedanla eyni olacaqdır. Eksteryer dizaynına gəldikdə isə, sedanla universal eyni cizgilərə malikdir - fərq yalnız arxa hissədədir. Universal da sedan kimi iti formalı işıq texnikasına sahibdir. Uzun tavan xətti, damdakı spoyler, arxa dayaq və üçüncü pəncərə universala xas olan cizgilərdir.
Böyük ehtimalla, universal da sedanla eyni mühərrik çeşidini və avadanlıq siyahısını bölüşəcəkdir. 3-Series universalı Avropada 150 at qüvvəli 318d, 190 at qüvvəli 320d və 265 at qüvvəli 330d modifikasiyalarında təklif ediləcəkdir. Benzin modifikasiyalatı isə, 184 at qüvvəli 320i və 258 at qüvvəli 330i modelləri ilə təmsil olunacaqdır. Əlbəttə ki, 382 at qüvvəli M340i modifikasiyası da olacaqdır. BMW 330e hibrid modifikasiyası isə 2020-ci ildə debüt etməlidir.