Casus şəkilləri sayəsində yeni BMW 4 Series kupesinin istehsala hazır olduğunu bilirik. Bununla belə, BMWBLOG saytı kupenin iyun ayında təqdim ediləcəyini iddia edir, ancaq "canlı" təqdimat əvəzinə, almanlar onlayn təqdimatla keçinmək məcburiyyətindədirlər. Səbəb isə, şübhəsiz məlumdur - COVID-19 pandemiyası.

Teorik olaraq, 4 Series Detroytda təqdim oluna bilərdi - bu il Mühərriklər şəhərindəki sərginin ilk dəfə olaraq yayda, həm də iyun ayında keçirilməsi nəzərdə tutulmuşdu. Lakin, pandemiya səbəi ilə, təşkilatçılar sərgini 2021-ci ilin yayına qədər təxirə salmaq qərarına gəliblər. Bununla belə, modelin kütləvi debütü payızda, məsələn, Parisdə və ya Pekində baş tuta bilər.

Maraqlıdır ki, bəzi mənbələr yeni kupenin daxili dizaynının cari 3 Series sedan və unversalından fərqlənəcəyini iddia edirlər. Buna baxmayaraq, kupenin əsas seçilən cəhəti, əlbəttə ki, iri radiator barmaqlığı olacaqdır. Bu barmaqlıq BMW 3 Series ailəsinin ən güclü üzvü olacaq M3 sedanına da qismət olacaqdır.

Ənənəvi benzin və dizel mühərrikləri ilə yanaşı, BMW 4 Series modeli 3 Series ailəsindən bir neçə hibrid güc qurğusunu alacaqdır. Hibrid qurğular həm "yumşaq", həm də şəbəkədən doldurulan olacaqdırlar. Xatırldaq ki, 184 at qüvvəli "turbodördlük" və 113 at qüvvəli elektrik mühərriki ilə təchiz edilmiş BMW 330e modeli elektrik ötürməsi ilə 65 kilometrə qədər məsafə qət edir.

Kupenın ardından BMW şirkət bu ailənin digər üzvləri olacaq 4 Series Convertible və dördqapılı “qran kupe” modellərini buraxacaqdır. Sonuncu, 2021-ci ildə satışa çıxacaq BMW i4 elektrokarı ilə paralel olaraq satılacaqdır.

Mənbə: BMWBLOG