BMW şirkəti ekstremal M2 CS kupesinin ardınca onun klub yarışları üçün nəzərdə tutulmuş M2 CS Racing trek modifikasiyasını təqdim edib. Avtoidmanda ilk addımlarını atan idmançılara ünvanlanmış yarış avtomobil, klub yarışlarında, həmçinin VLN Endurance və TC America kimi seriyalarda iştirak etməyə tam hazır vəzyyətdədir. BMW M GmbH bölməsinin rəhbəri Markus Flaşı demişkən – əyləş və sür!

BMW M2 CS Racing modelinin S55 mühərrikinin gücü reqlamentin tələblərinə uyğun olaraq bir qədər məhdudlaşdırılıb: mülki verisiyanın mühərrikinin 450 at qüvvəsi hasil etməsinə baxmayaraq, trek kupesinin gücü 280-365 at qüvvəsi arasında dəyişə bilər. Gücün azlmasına baxmayaraq, mühərrikin fırlanma anı  dəyişilməz qalıb - 550 Nm. Bundan başqa, 7-pilləli “robotun” proqram təminatı da yenidən nəzərdən keçirilib. Trek kupesi standart olaraq tənzimlənən ABS və DSC sistemləri, mexaniki qapadılması olan məhdud sürtünməli differensial və təhlükəsizlik karkası ilə də təchiz edilir.

Trek kupesi adi BMW M2 CS modeli ilə birlikdə bu ayın sonunda işinə başlayacaq Los Anceles avtosalonunda debüt edəcəkdir. Yarış avtomobilinin satış qiyməti mülki versiya ilə eynidir – 95 min avro. Trek kupesinin sifarişçilərə çatdırılmasına gələn ilin yayında başalanacaqdır. Qeyd etmək lazımdır ki, M2 CS Racing artıq Fransanın Miramas və Portuqaliyanın Potimao treklərində sınaqlardan çıxarılıb.