Aviasiya sənayesi çətin günlərini yaşamağa davam etdiyi bir vaxtda Boeing gözünü gələcək planlarına dikib. Şirkətin düşdüyü ağır vəziyyətdən çıxmağının yolu gələcəyi öncədən görmək ola bilər. New Mid-market Airplane (NMA), yəni orta məsafəli, orta sərnişin tutumlu və orta qiymətli yeni model planlarını təxirə salan Boeing, 757 və 767 proqramlarını yenidən davam etdirməyi düşünür.

Devid Kelhun ilin əvvəlində şirkətin başına keçdikdən dərhal sonra, yeni modellə bağlı planlar ləğv edilib. 797 adlandırılacağı gözlənilən və 2025-ci ildə ilk uçuşunu həyata keçirəcəyi planlaşdırılan təyyarə ilə bağlı planlar, yeni prezidentin mövcud modellərə "əl gəzdirmək" istəyinin kölgəsində qalıb. 

Həmin vaxtdan bəri isə koronavirus aviasiyanın mənzərəsini tamamilə dəyişib. Sərnişinlərin azalması ilə yanaşı, yeni təyyarələrə olan maraqda da ciddi geriləmə müşahidə edilir. Həm Boeing, həm də rəqibi Airbus ilk rübdəki böyük itkilərlə yanaşı, sifarişlərin ləğvi və təxirə salınması kimi problemlərlə üzləşiblər.

Bütün bunlar ortamənzilli təyyarələrə fərqli baxış tələb edir, lakin bu mütləq yeni modeldən bəhs etmək demək deyil. Reuters-in yaydığı xəbərə görə, şirkət istehsalı 2004-cü ildə dayanan 757-nin yeni versiyasını buraxmaq və 767-ni yeniləmək barədə düşünür. Qeyd edək ki, 757 modeli 1981-ci ildən etibarən 23 il ərzində 1050 nüsxədə istehsal edilib. İstehsalı hələ də davam edən 767 modelindən isə 1200 ədəd buraxılıb. Milli aviadaşıyıcımız AZAL-ın anqarında həm 757-200, həm də 767-300ER tipli təyyarələr var.

Effektiv, mümkün qədər uzağa uçan dar gövdəli təyyarələrə marağın artması Boeing-i Airbus-ın bu seqmentdəki hegemonluğuna son qoymağa vadar edir. A320 ailəsinin ən müasir üzvü olan A321XLR yeni standartları müəyyən edir və avropalı istehsalçı bu modellə seqmentdəki gücünü daha da artıracaqdır. 757 istehsalı çoxdan dayansa da, hələ də çox sayda istifadəçisi var. Həmin şirkətlər onsuz da, bu yaşlanmış təyyarələri yeniləri ilə əvəzləməkdə maraqlıdırlar.

Reuters bildirir ki, bu model yenidən buraxılacağı təqdirdə, daha çox sərnişin tutumuna malik olacaq və daha çox məsafə qət edə biləcəkdir. Görünən odur ki, yenilənmiş model 757-Plus adlandırıla bilər. Bu təyyarə əvvəl planlaşdırılan 797-dən daha çox oturacağa sahib olmalıdır, maksimum uçuş məsafəsinə görə də A321XLR ilə rəqabət aparmalıdır.

Boeing-in keçən ilin payızında General Electric ilə gələcək modelə uyğunlaşdırılacaq yeni mühərrik barədə danışıqlar apardığı, bu modelin 767X adlandırılacağı barədə şayiələr yayılmışdı. Yeni qanadların dizayn edilməsi barədə də söz-söhbətlər gəzirdi, lakin Boeing bunları təsdiq etməmişdi. 767-nin hazırda istehsal olunan variantları karqo üçün olanlardır, sərnişin üçün nəzərdə tutulan sonuncu nüsxə 2014-cü ildə təhvil verilib.

Hazırki sifarişlərə görə, şirkət bu tipdə daha 86 təyyarə istehsal etməlidir ki, bunlar da 767-300F və hərbi KC-46 modelləridir. 767-nin karqo variantlarına tələbat olsa da, 2028-ci ilə qədər yenilənmələrə ehtiyac olacağı proqnozlaşdırılır. Bu da, sərnişin üçün olan yeni versiyanın qapılarını aça bilər. Bütün bunlar göstərir ki, 767X layihəsinin reallaşması ehtimalı yüksəkdir.