Formula 1 çempionatının dünən Böyük Britaniyada keçirilmiş mərhələsi bu il izlədiyimiz ən həyacanverici yarışlardan biri olub. Bunun iki səbəbkarı var – Pyer Qasli və Esteban Okon. Birinci startda Corc Rasseli Quanyu Çjounun üsütünə yönləndirib, nəticədə bəlkə də bu il müşahidə edəcəyimiz ən ağır qəzalardan birinə səbəb olub. Çinli pilotun bolidi çevrilərək bir müddət başı açağı yerlə sürünüb, sonra isə müdafiə baryerlərini aşaraq, onlar ilə müdafiə çəpərinin arasına düşüb.

Xöşbəxtlikdən çinli pilot da daxil olmaqla, xəsarət alan olmayıb – marşallar fürsət taparaq vaxtında  hadisə yerindən uzaqlaşıblar, tamaşaçıları isə müdafiə çəpəri xilas edib. Necə deyərlər, Britaniyalı Yarış Pilotları Klubunun (British Racing Driver’s Club – BRDC) sahiblərinin anaları İncil üstəymiş.

Bolidində sıxışaraq qalmış Çjounun çıxarılması və baryerlərin bərpa edilməsinə demək olar ki, bir saat sərf edilib. İlk zamanlar çinli pilotun vəziyyəti barədə məlumat olmasa da, sonradan onun qaydada olduğu və ciddi xəsarət almadığı bildirilib.  Məlum məsələdir ki, zəncirvari qəzalarsız da ötüşməyib – “Turp” nağılındakı kimi Fettel Əlbonu, Əlbon Okonu, arxadan gələn Sunoda isə dübarədən Əlbonu vurub...

Okon ilə Sunoda bokslara qayıtmağa müvəffəq olsalar da, Rassel ilə Əlbon xal qazanmaq şansı ilə birdəfəlik vidalaşıblar.  Mexaniklər yaranmış fasilə zamanı, Okon ilə Sunodanın bolidlərini təmir edə biliblər.

Yarışa startdan sonrakı sırlama nəzərə alınmadan yenidən restart  verilib. İş ondadır ki, ilk startda Verstappen Saynsı, Həmilton isə, Lekler və Peresi ötmüşdü. Lakin qırmızı bayraqlar peyda olana qədər pilotlar dövrəni başa vurmadıqları üçün, təkrar start ilkin düzülüş ilə verilib. Startda Verstappen Karlosu keçməyə cəhd etsə də, ispan pilot mövqeyini qorumağa müvəffəq olub.

Lakin bir neçə dövrə sonra Maks Saynsın səhvindən istifadə edərək liderliyə yüksəlib. Əslindən startda qəza olmasaydı, Ferrari pilotlarının Maksla mübarizə aparması mümkün görünmürdü – hollandiyalı həftəsonu çox sürətli idi. Amma görünən odur ki, avtoidman tanrıları bu həftəsonu Saynsın tərəfində idilər.

Ferrari komandasının ispan pilotu yarış tempinə görə, Verstappen, Lekler və Həmitona da uduzurdu. Yeri gəlmişkən, yeddiqat dünya çempionu “yırğalanan” Mercedes bolidinə rəğmən əla pilotaj nümayiş etdiririb – təkcə yarışın sonlarına yaxın onun Leklerlə apardığı mübarizəni xatırlatmaq kifayətdir. Monakolu və britaniyalı sanki bir-birinin bəhsinə sürətli dövrələr ştamplamağa davam ediblər.

Yarışın 12-ci dövrəsində Maksın təkər problemi yaşaması Ferrari pilotlarının irəli çıxamasına imkan yaratdı. Özü də, Verstappenlə mübarizə zamanı boldinin ön qanadı zədər almış Lekler komanda yoldaşından daha sürətli idi. Verstappenin probleminə gəldikdə isə, çox güman ki, onun bolidinin təkərinin deşilməsinə və problemin yaranmasına “qohum” Alpha Tauri komandasının pilotlarının qəzası səbəb olub. Necə deyərlər - öz qılıncları öz başlarına enib.

Ferrari körpücüyü pilotlarına mübarizənin sərbəst olduğunu bildirib, görünən odur ki, Ferrari strateqləri komanda əmrinin verilməsinin erkən olduğunu düşünüblər. Lakin “uçan” Həmiton tezliklə Ferrari strateqlərinin fikrini dəyişməyə məcbur edib – qələbə şansının olduğunu hiss edən britaniyalı pilot aydın şəkildə Ferrari pilotlarından sürətli idi və intensiv şəkildə ara məsafəsini qapamağa davam edirdi.

Lekler komanda yoldaşını keçsə də, Esteban Okonun yanacaq nasosu ilə problem yaşayan bolidini start-finiş düzlüyündə dayandırması aranı qarışdırıb – təhlükəsizlik avtomobilin trekə çıxması ilə birlikdə, Lekler istisna olmaqla, onu təqib edən pilotlar pit-stopa yollanaraq yumşaq şinlərə keçiblər.

Bu dəfə Lekler Saynsı irəli buraxaraq onun uzaqlaşmasına müəyyən qədər yardım edib. Lakin yeyilmiş sərt tərkiblə yeni şinləri olan pilotlarla mübarizə aparmaq o qədər asan deyil. Amma monakolu necə deyərlər əlindən gələni edib – nəticə isə hər kəsə məlumdur. Təhlükəsiz ara məsafəsini yaradan Karlos Sayns karyerasındakı ilk qələbəsini əldə edib.

Qeyd etmək lazımdır ki, yarış son hissəsi Şarl Lekler, Lüis Həmilton və Serxio Peresin möhtəşəm mübarizəsi ilə yadda qalıb – bu, fanatlar üçün əsl bayram idi. Belə mübarizə hər bir yarışın yaraşığıdır, məsələn, restartdan sonrakı ilk döngələrin birində mübarizə aparan dörd pilotun bolidini görmək hər zaman bizə qismət olmur.

Yeri gəlmişkən, Çekonu Britaniya Qran Prisinin qəhrəmanlarında biri hesab etmək olar. Yarışın əvvəlində peletonunun sonuna düşən meksikalı möhtəşəm irəliyiş edib. Doğrudur, təhlükəsizlik avtomobili də Çekoya yardım göstərib, amma istənilən halda razılaşmaq olar ki, Red Bull pilotu Silverstounda əla çıxış edib.

Silverstoundakı yarışda bəlkə də ən çox sevinənlərdən biri də əfsanəvi Mixael Şumaxerin oğlu Haas komandasının pilotu Mik Şumaxer idi. Alman pilot nəhayət ki, yarışı səkkizinci yerdə bitirərək bu mövsümdəki ilk xallarını qazanıb və hətta yarışın sonlarında Verstappenlə mübarizə də aparmağa cəhd göstərib də...

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.

Qəzanın şəkilləri: JEP/Motorsport