DTM çempionatının Nürburqrinqdə keçirilmiş 16-cı yarışı Audi pilotlarının üstünlüyü ilə başa çatıb. Audi pilotları ilk yeddi yerdə finiş görərək, İnqolştadt markasının bu ilki üstünlüyünü bir daha təsdiqləyiblər.

Yarışa pouldan başlayan Ceymi Qrin startda komanda yoldaşı Rene Rasta keçilsə də, pit-stopdan sonra yenidən liderliyə yüksəlib. Bundan sonra, hər iki pilot yerdəyişmədən yarışı davam etdiriblər. Yalnız yarışın sonuna yaxın gec pit-stop sayəsində daha yaxşı şinlərə malik olan Robin Frayns bu ikili üçün təhlükə mənbəyinə çevrilib.

Soldan sağa: Robin Frayns, Ceymi Qrin, Rene Rast

Bir müddət sonra Rene Rastı haqlayan Frayns çempionatın liderini keçərək ikinciliyə yüksəlib. Xatırladaq ki, Frayns Rene ilə mübarizə aparan Niko Müllerin komanda yoldaşıdır və Rastı keçməklə Nikoya yardım edib. Hətta, yarışın sonuna bir  dövrə qalmış Robin lider Qrinə də hücum edib, lakin döngəni kəsdiyinə görə mövqeyi britaniyalıya qaytarmalı olub. Sonuncu dövrədə isə, Qrin ona hücum şansı verməyib.

Niko Müller isə, artıq sırlama sessiyasında çempionluq titulu uğrunda mübarizə şansını azaldıb - 14-cü nəticəni göstərən isveçrəli altıncı yerdə finiş görsə də, bu ona çempionluq uğrunda mübarizəni Hokkenhayma daşımağa imlan verməyib. Rene Rastın üçüncü yeri isə, alman pilota çempionluq titulunu qazanmağa kifayət edib. İki pilot arasında fərqin 57 xala yüksəlməsi, artıq titul uğrunda mübarizənin sona yetdiyindən xəbər verir.

Pilotlar və markalar birinciliyində titulun taleyi həll olunsa da, komandalar çempionatında mübarizə davam edir. Burada birincilik uğrunda iki Audi kollektivi - Audi Sport Team Rosberg və Audi Sport Team Abt Sportsline komandaları mübarizə aparırlar.  

Artıq komandalar titul uğrunda mübarizədə Hokkenhaymrinqdə keçiriləcək mərhələdə qarşılaşacaqdırlar. Bir sözlə, Ceyni Qrin ilə Rene Rast bu dəfə də Niko Müller - Robin Frayns ikilisi ilə mübarizə aparacaqdırlar.