Bu həftə Fərid 42, NOVCO şirkəti isə 20 yaşıni qeyd edir. Həmsöhbətim uğurlu iş adamı olmaqla yanaşı, həm də aktiv həyat tərzi sürən, alpinizmlə məşğul olan, həyatda nə istədiyini bilən şəxsdir. Hər zaman sosial şəbəkələrdə onun müxtəlif ölkələrdən şəkillərini görürəm, statuslarını oxuyuram. Son dəfə Antarktida sərgüzəştlərini izləmişdim. Fikrimcə, alpinizmlə məşğul olmaq, insanda daxili gücün olmasına birbaşa sübutdur. Məhz, Fərid belə şəxsdir.

Fərid Novruzi42 yaş. NOVCO şirkətinin İçracı direktoru. Azərbaycan Memarlıq və İnşaat Universitenin məzunudur, arxitektor kimi fəaliyyətə başlayıb. Azərbaycan Çimərlik Futbolu Federasiyasının prezidentidir. Hobbisi: alpinizm, səyahət və mobiloqrafiya. Sevimli rəngi - göy rəngdir. 

y - səma, sakitlik və rahatlıq rəngidir. Göy rəng sevən insan təvazökardır. Bu rəngi sevən insanlar tez-tez istirahət etməlidirlər, onların ətrafdakı insanların inamına, xeyirxahlığına daha böyük ehtiyacı var. 

R.M. Kimsəsiz adaya getməli olsan, özünlə ən vacib əşya nəyi götürərdin?

F.N. Hələ 2001-ci ildə Dubayda ilk dəfə olarkən “Yaşama dəsti” almışam. Uçuşlarda hər zaman özümlə götürürəm. Nə bilmək olar, bir də gördün dənizə enməli olduq. Bu dəstin tərkibində ortasında dəlik olan metal lövhə var, onun vasitəsi ilə təyyarələrə günəş şüasını siqnal olaraq yönəltmək olur. Təyyarə pilotları kimsəsiz adaların yerlərini bilirlər və ona görə də onların üstündən uçarkən diqqətli olurlar. Əgər hər hansı bir siqnalı görərlərsə, həmən xilasedicilərə xəbər göndərirlər. Bundan başqa dəstdə balıq tutmaq üçün tilov, alov əldə etmək üçün alət, vintaçan və bir neçə əhəmiyyətli alətlər də var.

R.M. Bəs başqa planetə getsən?

F.N. Mən hər zaman özümlə Azərbaycan Bayrağı olan stikerləri götürürəm. Dünyanın müxtəlif yerlərində onları yapışıdrıram. Bu stikeri ona görə götürərəm ki, orada ölkəmizin izi qalsın.

Image alt Image alt Image alt Image alt

R.M. Fərid, Ilk öncə səni uğurlu iş adamı kimi tanıyıram. Bəs biznesi neçə qurmaq lazımdır? Hansı qaydaları tövsiyyə edə bilərsən. 

F.N. Gənc olarkən Türkiyəyə memarlıqla məşğul olmaq üçün getmişdim. Amma şifariş tapmaq çox çətin idi. Ad günümə atam mənə pul göndərmişdi ki, özümə hədiyyə alım. Mağazaya gedəndə baxdım ki, orada olan mallar Bakıdan dəfələrlə ucuzdur. Daha öncələr Bakıda Benetton mağazasında işləmişdim, ona görə qiymətlər haqqında məlumatım var idi. O zamanlar bacım orada artıq müdir idi. Hesabladım ki, İstanbul ilə Bakıdakı qiymətlər arasaında 6-8 qat fərq var. Həmən ağlımda yeni biznes strategiya qurdum. Düşündüm ki, bacım mənə kömək olar, məsləhətlər verə bilər. Elə o anda fikirləşdimki, niyə mən öz işimi yaratmayım?! Həm təcrübəm var, həm bacımın köməyi ilə uğurlu iş qura bilərəm. Atama zəng etdim, ondan dördmin dollar xahiş etdim ki, mağaza üçün Ilk malları əldə edim. Atam da mənə dəstək oldu. Yanımda olan turk tanışım mənimlə birlikdə işə girmək istəyini bildirdi. Onunla birləşərək Bakıda mağaza açdıq. Cəmi 22 yaşım vardı. O zaman bazar da boş idi, ona görə iş qurmaq daha asandır. 

Biznesə gəldikrə isə bu qaydalara riayət etmək məsləhətdir:

  • İdeyanın olması yetərli deyil, maliyyə olmalıdır.
  • Heç bir təklifi qaçırmaq olmaz. Bu gün belə, bütün təklifləri dinləyib, baxıram, əməkdaşlarım ilə müzakirə edirəm. Mənfəətli iş olsa, ona pul yatırıram.
  • Mütləq bazar araşdırması aparmaq lazımdır. Bazarı bilmədən, rəqibləri tanımadan, qiymətləri və təklifləri bilmədən iş qurmaq yanlışdır.
  • İşin layihəsini yazmaq, hesablar etmək, strategiya qurmaq lazımdır.
  • Yerləşmə məkanı - bizim halda mağaza - yerləşdiyi məkan çox vacibdir. Mütləq yaxşı yerdə olmalıdır ki, satış yüksək olsun.
  • Uğursuzluqlardan qorxmaq lazım deyil. Bizim şirkətimizdə də olub, bu bizə təcrübə oldu. Türkiyə və Gürcüstanda itkilərimiz oldu. Amma, bu gələcəkdə bizim eyni səhvləri təkrar etməməyimiz üçün yaxşı məktəb oldu. Tomas Edison dediyi kimi, “Mən məğlub olmaqla, işləməyən 10 min üsulu öyrəndim”. 
Image alt Image alt

R.M. NOVCO-ya aid olan MyBrands çox sayda markanı təmsil edir. Bəs sənin sevimli geyim markaların hansıdır? 

F.N. Ənənəvi olaraq Benetton-dan sviter və köynəkləri sevirəm. Ən sevimlim Hackett brendidir. Geyimimin çox hissəsi bu markadandır. Amma bu marka bizim bazarda özünü doğrultmadı, zərərlə işləyirdi. Ona görə də təəssüf hissi ilə onu bağlamaq məcburiyyətində qaldıq. Bu qədər zərərlə işləməkdənsə, mən istədiyimi Londonda ala bilərəm. Bu daha ucuz başa gələr. Digər sevdiyim isə, Tommy Hilfiger və Lacoste markalarıdır. “Kəjual” geyimə üstünlük verdiyim üçün, idman ayyaqabılarından Nike və Adidas markalarına üstünlük verirəm. Geyimimi tez-tez dəyişməyi sevmirəm, onları uzun müddət istifadə edirəm. 

Son illərdə sadə, dəbli, əlçatan və markasız geyimlərə üstünlük verilməsi tendensiyası var. Məsələn, yapon markası olan Uniqlo-nu bəyənirəm. 

R.M. Uşaqlıqda hansı sənəti seçmək istəyirdin? Arzuna yetdinmi?

F.N. Uşaqlıqdan memar olmaq istəyirdim və oldum da. Atam memardır, yəqin ki, istəyim də bundan irəli gəlir. O, mənim fəxr edəcəyim və bənzəmək istədiyim şəxsiyyətdir.

Bir müddət atamla birlikdə çalışdım. 90-cı illərdə ali təhsil ilə yanaşı memar olaraq çalışdım. Universiteti bitirdikdən sonra Sinqapur şirkətində işə qəbul olundum və bir müddət orada işlədim. 

R.M. Bəs niyə memarlıqdan ayrıldın?

F.N. Turkiyədə sifariş tapa bilmədim, Azərbaycanda isə o zamanlar sifarişçilərin tələbləri mənim dünya görüşümə qarşı idi. Atam sifarişləri qəbul edərkən, müştərilərin çox primitiv istəklərini görəndə bundan təəsüflənirdim. Bu qayda ilə gözəl layihə etmək mümkün deyildi. Memar bir sənətkardır, demək olar ki, heykəltaraşdır. Amma memarın yaratdığı əsərlər daha miqyaslıdır və hamının gözü önündədir, şəhərin üzüdür. Əgər yaratdığın işdən zövq alıb, fəxr etmirsənsə, onu necə etmək olar?!

Bir hadisəni xatırladım. 90-cı illərdə bir müştəri Gənclikdə “Milyonerlər Məhəlləsi” adlanan prestijli küçədə villasının damında üstündə xoruz olan günbəz olmasını istəmişdi, amma layihəyə heç uyğun gəlmirdi və bu çox bərbad fikir idi. Sən demə, uşaqlıqdan o uğur simvolu saydığı kolxoz sədrinin evinin damında olan “Xoruzlu Gümbəzi” istəyirmiş. Uşaq olarkən arzusu onun səviyyəsinə yüksəlmək idi. Bəzi memarlar pula görə belə hallarla razılaşıb layihələr edirlər. Lakin, mən bunu qəbul edə bilmərəm, çünki bu ilk növbədə mənim adımdır. Hər kəs bunu sifarişçinin uşaqlıq arzusu deyil, mənim zövqüm kimi qəbul edəcək.

R.M. Tanış durumdur. Mən hələ ArchiTech jurnalını nəşr edəndə, memarlara sual varirdim ki, belə biabırçı binaları yaratmaqdan utanmırsınızmı? Məsələn, Nəriman İmaməliyev sifarişçinin qarşısında tələb qoyur ki, yalnız gözəl və müasir bina layihəsi yaradacaq. Ona görə də, onun işləri ölkəmizdə ən gözəgəlimli binalardir.

F.N. Bəli, Nəriman bunun üçün çox əziyyət çəkdi, amma istəyinə nail oldu. Mən isə bunu gözləmədim. Memarın üzərində şəhəri gözəlləşdirmək məsuliyyəti var. Gələcək nəsillər çirkin binaları bizə bağışlamayacaq. 

Biz də Bakıya öz töhvəmizi verdik. Mağazalarımızı gözəl, tarixi binaların birinci mərtəbələrində açdıq. Həmin binaları bərpa edirdik ki, daha gözəl olsun. Hər hansı bir şəhərə getdiyində orada bahalı markaların butiklərini görəndə, hesab edirsən ki, bu inkşaf etmiş ölkədir.

Ramin, mərkəzdəki Lacoste mağazası yadındadır yəqin. Onu təmir edərkən binaya uyğun etdik ki, gözəl olsun. Nike mağazası tarixi binada olmasa da, mərkəzdəki binanın ilk mərtəbəsində yerləşirdi. Onu elə təmir etdik ki, vitrinləri binaya gözəllik versin. O zamanlar bərbad vəziyyətdə olan yerləri götürüb əsaslı təmir edirdik. Bir neçə ildən sonra müqaviləni uzadanda isə, artıq həmin yer sahibi qiyməti 10 dəfə artırıdı. Belə hallar da olub.

Missiyam - başqa insanları xoşbəxt etməkdir. Mənim qaydalarımdan biri - qazancımla paylaşmaqdır. Bu da ruzini artıran amillərdən biridir.

R.M. Sənin üçün xoşbəxtlik nədir?

F.N. Başqa insanları xoşbəxt etməkdir. Bu nəinki ailə üzvlərimə, qohumlarıma, dostlarıma, həm də tanımadığım insanlara aiddir. Mənim qaydalarımdan biri - qazancımla paylaşmaqdır. Bu da ruzini artıran amillərdən biridir. Nə qədər ətrafımızı xoşbəxt edərsək, o qədər də özümüz xoşbəxt olarıq. Varlığınla ətrafı işıqlandırmalısan, xeyir gətirməlisən. İnsan bunun üçün yaranıb.

R.M. Yaranmaq məsələsinə gələndə, belə deyim var ki, hər bir şəxsin bu həyatda missiyası var. Bəs sənin missiyan nədir?

F.N. İnsanları gülərüz və həyatından razı görmək mənim üçün həyatın anlamıdır. Biz hamımız bu dünyada müvəqqətiyik. Ona görə də hər birimizin missiyası xeyir gətirməkdir. Kimsə qəbul edir, kimsə etmir, amma o dünyada cənnətə düşmək üçün xeyirxah olmaq lazımdır. Mən də bütün gücümlə çalışıram ki, bu qaydalara uyğun gəlim, yalnız insanlara və dünyaya xeyir gətirirərək, öz izimi qoyum və gələcək nəsillərə nümunə olum, ölümdən sonra Allah-Təlanın izni ilə Cənnətə düşüm.

R.M. Azərbaycan Çimərlik futbolu federasiyasının prezidenti olaraq da fəaliyyət göstərirsən. Çoxsayda mükafatları gördüm. 

F.N. 10 ildir bu sahədə fəaliyyət göstərirəm. Bu illər ərzində komandamız bir çox nailliyətlər əldə edib. Komandamız Avropanın 10 ən güclü komadalarının siyahısındadır. Gördüyün mükafatlar komadamızın nailiyyətləridir.

Image alt Image alt Image alt Image alt

R.M. Facebook-da postlarını izləyirəm, şəkillərini çox bəyənirəm? Fotoları hansı kamera ilə çəkirsən?

F.N. iPhone Xs Max ilə. Şəkil mənim hobbimdir. Daxilimdəki memar mənim şəkillərimdə öz əksini tapır. Kadrı seçdiyimdə memar kimi baxıram. Binaların şəklini perspektivdən çəkirəm. Bununla öz sənətimə olan sevgimi şəkildə əks etdirirəm. Bu şəkillərdə kompozisiya qururam. Çalışıram ki, insan gözünün gördüyü kimi binaları və təbiəti əks etdirim. Perspektivləri sevirəm, bu sənətimdən gələn bir hissdir. 

R.M. Hansı ölkədəki bina səni valeh edib? 

F.N. Sinqapurdakı Marina Bay Sands. Bu 200 metrlik hündürlüyündə üç qullənin üzərində qandola şəkilində qurulmuş terrasdır. Bu terassda hovuz və 12,4 min kv.m sahəsi olan bağlar var. Çox möhtəşəm bir işdir. Onun arxitektoru Moşa Safdidir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt

R.M. Sevimli arxitektorun kimdir?

F.N. Oskar Nimeyro - Braziliyanın yeni paytaxtını yaradan braziliyalı arxitektor. İspan arxitektoru Santiago Calatravavə onun Valensiyada yaratdığı Elm Muzeyi. Özəlliklə onun yaratdığı körpülər çox xoşuma gəlir. Onlar dahi sənət əsərləri yaradıblar

R.M. Bəs hansı şəhər və məkan daha çox xoşuna gəlib?

F.N. Şəhərlərdən Şanxay çox xoşuma gəldi. Tokio maraqlıdır, amma Hind okeanında Reunionadası mənə çox qeyri-adi təəsuratlar bağışladı. Madaqaskardan 700 km şərqdə olan bu ada Fransanın sahəsidir. Oranın fantastik gözəl təbiəti var. Şəhərləri çox gözəldir. Elə bil Hind okeanındakı Fransadasan.

R.M. Səyahətdə baş verən məzəli hadisələrdən hansını xatırlayırsan?

F.N. Moskavadan qayıdarkən aeroportda jurnal aldım ki, təyyarədə oxuyum. Elə oldu ki, biznes sinifdə yanımda çox mədəni və sakit bir kişi oturdu. Jurnalı oxuyandan sonra yuxuya getdim. Bakıya çatanda oyandım və əşyalarımı toplayanda gördüm ki, mənim jurnalım onun əlindədir, özü ilə götürür. Xahiş etdim ki, jurnalımı qaytarsın. O da qaytardı. Evə çatanda çox yorğun idim, həmən yatdım. Səhər isə, portfelimdə iki eyni jurnalı gördüm. Sən demə yatmamışdan öncə onu çantama qoymuşam və yadımdan çıxıb. O da heç nə deməyib. Yəqin düşünüb ki, mən “xəstəyəm”. Biabır oldum, utandım.

R.M. Fərid, masanın üstündə qoz ləpəsinə diqqət yetirsək, onun insan beyninə bənzəyliyini görürük. Bəs beynini dincəltmək, onu təmizləmək üçün nə edirsən? 

F.N. Dağlara çıxıram, alpinizmlə məşğul oluram. Heç bir kurort və passiv istirahət beyni təmizləmir. İstirahətdə olanda belə, yenə də hər zaman ofislə əlaqədəsən, çat və elektron poçtla yazışmalar gedir. Telefon açıq olmalıdır ki, hər zaman müdaxilə edib, yaranan problemləri həll edəsən. Ona görə tam dincəlmək mümkün olmur, beyin aktiv vəziyyətdə olur. Menecmentimiz öz işini bilir, amma bəzən mənim işə qarışmağıma ehtiyac olur. Hansısa partnyorumuzun CEO-na zəng edib, məsələni həll etmək mənim vasitəmlə daha sürətli və asan olur.

Amma dağlarda belə deyil. Birincisi, orada şəbəkə yoxdur, bütün əlaqələr kəsilir. İkincisi, yüksəkliyə qalxdığın zaman orada vəziyyətin tamamilə fərqli olduğunu görürsən. Oksigen azlığı var, təzyiq yüksəkdir. Fiziki çətinlik o qədər olmasa da, orada ancaq getdiyin marşrutu düşünürsən, başqa fikrin olmur. Qalxdığın zirvədə ancaq ayağının altına baxmalısan ki, səhv etməyəsən, başqa heç nə haqqında düşünmürsən. Çünki, bu həyatınla bağlıdır və risqə yer yoxdur.

Image alt Image alt Image alt

R.M. Bu təhlükələr səni niyə cəlb edir?

F.N. Elə indi şəhərə çıxsaq, yıxılmaq və ya avtomobil qəzasında həlak olmaq şansı daha yüksəkdir. Piyada keçidində belə avtomobil vura bilər. Amma orada bütün zehnin, fikrin ancaq orada olan vəziyyətlə bağlıdır. Mütləq yüksəkliyə qalxıb, oradan geriyə qayıtmalısan. Bu müddət ərzində bədən fiziki olaraq yorulsa da, beyin dincəlir. Adrenalin beyini yeniləyir. Orada təbiətlə qarşı-qarşıyasan, heç bir insan müdaxiləsi yoxdur. 

R.M. Anlayıram. Mən də əvvələr motosikldə yüksək sürətlə döngəni əyilərək keçəndə bu hissləri keçirirdim. Ən yüksək qalxdığın zirvə nə qədərdir və orada hansı hisslər keçirirsən?

F.N. Altı min metr. İlk günlər çətin olur, amma bir neçə günə vəziyyətə  uyğunlaşırsan. Orada çox soyuq olur, ona görə yüksəkliyə mərhələlər ilə qalxırıq ki, orqanizm ətraf mühitə alışsın. Hərəkətlər daha çətindir, amma bir müddərdən sonra bunlar adi hal olur. Mərhələlərlə müəyyən yüksəkliyə qalxıb-enirsən. Bədən yaddaşı var, ikinci dəfə marşrutu daha tez gedirsən. Sonra yeni yüksəklik. Beləliklə, planlaşdırımış yüksəkliyə qalxırıq. Bu qayda ilə zirvəyə çatırsan. 

Təsəvvür et ki, 7.000 metr yüksəkliyə qalxırsan və zirvəyə çatmağa 1.800 metr qalıb. Bunu anlamaq üçün misal gətirim. Hesab et ki, Şahdağa getmisən, oteldən zirvəyə baxırsan. Elə gəlir ki, çox yaxındır, halbuki onların arasında fərq təxminən 2.400 metrdir. 1.800 metr isə, ondan da azdır. Orqanizm yeddi mindən sonra şoka düşür. Ona görə də, bir neçə dəfəyə yüksəlmək məcburiyyətindəsən. Bunların hamısı hövsələ, həvəs, sakitlik və istək tələb edir. Orada, hətta yuxu belə fərqlidir, keyfiyyəti başqadır. Hər şeyi eşidirsən, hiss edirsən, amma yatırsan. 

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

R.M. Hansı yüksəklikləri fəth etmisən? Neçə ölkədə olmusan?

F.N. Altmış ölkədə olmuşam. Qalxdığım ən hündür yüksəklik Boliviyada Uyano Potosi dağlarındadır - 6.088metr. İkinci yerdə 5.895 metr olan Kilimancaro dağı, Nepalda 5.550 metrlik Kala Patthar, Ekvadorda 5.140 metr olan İlnitze Norte, Türkiyədə 5.167 metrlik Ağrıdağdır. Ümimilikdə iyirmidən çox zirvədə olmuşam.

R.M. Təhlükəli anlar olubmu? 

F.N. Biznesdə daha çox təhlükə var, nəinki dağlarda. Biznesdə olan təhlükələr adamın ölümünə səbəb olmur. Alpinizmdəki səhvlər isə ölümlə nəticələnə bilər. Bunun üçün riskləri aşağı endirmək lazımdır. Bir həmyerlimiz səhvinin ucbatından dünyasını dəyişdi. Səhv kanatı istifadə etdiyi üçün, kanat qırıldı. Yaxud 3 alpinistimizi Azərbaycanda itirdik, qarın altında qaldılar.

Alpinizmdə illərlə istifadə olunan marşrutlar var, onları bilən adamla, yəni bələdçi ilə getmək lazımdır, həm də onu mütləqşəkildə dinləməlisən. Onda risklər çox az olur. Ola bilər hava soyuq olar, qar olar. Amma onu da öncədən meteoroloji məlumatlardan müəyyən etmək mümküdür. Bəzi alpinistlər adrenalin xətrinə tək gedirlər və yolu səhv seçib, azırlar. Yaxud dumana düşüb, daşdan aşırlar. Mən belə hallara yol vermirəm. Yay aylarında gedirəm ki, bərk soyuq olmasın, ancaq peşəkar bələdçilərin xidmətindən istifadə edirəm. Alpinizmdən fərqli olaraq, biznesdə hər halı hesablasan belə, çətinlik ola bilər, hər şeyini itirə bilərsən.

Biznesdə daha çox təhlükə var, nəinki dağlarda. Biznesdə olan təhlükələr adamın ölümünə səbəb olmur. Alpinizmdəki səhvlər isə ölümlə nəticələnə bilər.

R.M. Alpinizmdə nə qaydalar var?

F.N. Qaydalar çox önəmlidir. Bunlara riayyət etmədikdə, faciə ola bilər. Getdiyin dağı diqqətlə araşdrımaq lazımdır. Asan marşrutu seçmək lazımdır. Dağların kateqoriyası var. Mən, məsələn, 2B kateqoriyasından yuxarı olan dağlara qalxmıram. 3A, 3B-dan başlayaraq 6A, 6B kateqoriyarı var, onlar daha təhlükəlidir.

Dağlara qalxanda bir-birimizə kanatlarla bağlı gedirik, məsafəni düzgün saxlamaq lazımdır ki, bir-birinizə kömək ola biləsiniz. Kimsə yıxıla bilər. Belə hallar nə edəcəyini bilməlisən. Məsələn, kimsə sürüşüb dağdan düşərsə, həmən yerə uzanıb, buz baltasını yerə sancıb, hər ikinizi sığorta etmlisən. Bunu bilməyəndə isə, hər ikiniz məhv ola bilərsiniz, o da səni arxasınca çəkib aparacaq. Buzun üzərində gedərkən, nə edəcəyini bilmək üçün xüsusi hazırlıq mərkəzlərində təlimdən keçmək mütləqdir.

R.M. Son dəfə səni Antraktidada gördüm, yəni statuslarını. Bu səyahətin məqsədi nə idi?

F.N. Bu mənim hədəflərimdən biri idi. Mənə One Life-dan təklif gəldi. Mən də dəyərləndirdim və qərar verdim ki, bu şansdır. Antarktidada olan neçə nəfər tanıyırsan? 

Bu əziyyətli bir səyahət idi. Gəmi ilə 3 gün ərzində Dreyk boğazını keçmək lazım idi. Dalğalar 9-15 metrə kimi yüksəlirdi. Kiçik gəmidə bu çox həyacanvericidir. 6 gün ancaq biz ora gedib-qayıtdıq, 4 gün isə orada qaldıq. Gəmidə qalırdıq, gündüz isə qayıqlarla sahilə yaxınlaşıb, heyvanat aləmi ilə tanış olur, buz qayalarına baxırdıq. Antarktidada yaz fəsli idi. Buzluqların olmasına baxmayara bizi təəcübləndirən Antarktidada buzsuz əraziləri görmək idi.

R.M. Bəs alpinizmlə bağlı yeni arzu və hədəflərin nədir?

F.N. İki Arzum var. Birincisi bütün dünyanı gəzmək, ikincisi isə Everestə qalxmaq. İkinci arzumu yerinə yetirmək üçün valideynlərimin xeyir-duasını almalıyam ki, həyəcanlanmasınlar. 

R.M. Everestə çıxmaq sənin üçün nə məna daşıyır?

F.N. Everesti ilk fəth edən Corc Melloriyə eyni bu sualı verəndə, “Çünki o var” deyərək sadə və dahi cavab vermişdi. Bu bir hədəfdir. Öz hədəfinə nail olmaq, nəyə qadir olduğunu görmək, çətinliklərdən keçərək, dünyanın azsayda olan insanları siyahısına daxil olmaqdır. Həyatda yalnız arzularımıza çataraq xoşbəxt ola bilərik!