Bir müddət bundan əvvəl, yenidən həyata qaytarılmış De Tomaso markasının ilk avtomobilinin Qudvudda keçiriləcək Sürət festivalında debüt edəcəyini yazmışdıq. Həmin gün gəlib çatıb - bu gün De Tomaso markası özünün ilk müasir superkarı olan P72 modelini təqdim edib.
Pantera, Mangusta kimi məşhur avtomobillərin istehsalçısı, yeni modelini özünün 60 illik yubileyi ərəfəsində təqdim edib. Hələlik, superkarın yalnız şəkilləri dərc edilib. Lakin, onun texniki hissəsi barədə geniş məlumat verilməyib.
Yeni superkarın P indeksinə malik olmasının öz tarixçəsi var. Kəçən əsrin 60-cı illərində şirkətin əsasını qoyan Alexandro de Tomazo Kerroll Şelbi ilə güclərini birləşdirərək, P70 prototipinin üzərində çalışmalara başlayıb. P70 indeksidə P hərfi Prototipi sözünə, 70 isə avtomobilin təchiz ediləcəyi 7,0-litrlik iş həcminə malik olan mühərrikə işarə edirdi.
Təsdiq edilmiş plana əsasən Alexandro 4,7-litrlik səkkiz silindrli Ford mühərriki ilə təchiz edilən avtomobilin layihəsini hazırlamalı, Kerroll Şelbi layihəni gərək olan büdcə ilə təmin etməli, Piter Brok isə avtomobilin dizaynı üzərində işləməli idi. Brokun adı sizə tanış gəlməyə bilər, amma o, Shelby Daytona Coupe və Chevrolet Corvette Stingray modellərinin dizaynı üzərində işləmiş şəxsdir.
Alexandro ilə Şelbi arasında yaranmış gərginlik P70 layihəsinin dayandırılmasına səbəb olur. Buna baxmayaraq, De Tomazo təslim olmaq istəmir və səylərini Ghia atelyesi ilə birləşdirərək işi sona çatdırıb. Ghia-De Tomaso Sport 5000 adlandırılmış avtomobil 1965-ci ildə Turində keçirilən sərgidə debüt edir.
Beləliklə, P70 modelinin mənəvi davamçısı olan P72 modeli retro üslubunda dizayna malikdir və 72 nüsxəlik məhdud saylı tirajla buraxılacaqdır. Avtomobil haqqında məlumat verilməsə də, onun Apollo Intensa Emozione superkarı üçün hazırlanmış karbon şassidə inşa edildiyi məlumdur.
Ümumiyyətlə, De Tomaso modelinin yenidən həyata qaytarılması üzərindəki işlərə Apollo Automobili şirkətinin mütəxəssisləri cavabdehdirlər. Sələfinə daha çox yaxın olması üçün, De Tomaso P72 mexaniki ötürmələr qutusu ilə təchiz ediləcəkdir. Şirkətdən avtomobilin istehsalına tam hazır olduqları və buraxılacaq avtomobilin dərc edilmiş şəkillərdəkindən fərqlənməyəcəyini bildiriblər.
Məlum məsələdir ki, De Tomaso P72 dünyada olan ən bahalı avtomobillərdən biri olmalıdır. Apollo Automobili şirkətindən superkarın qiymətinin 750 min avrodan başlayacağını bildiriblər.