ADAC mütəxəssisləri mənfi yeddi dərəcə Selsi temperaturunda daxili yanma mühərrikləri olmayan geniş elektromobillər çeşidini sınaqdan keçiriblər. Onlar soyuq havalarda enerji istehlakının nə qədər artdığını və elektrokarların salonlarının isinmə səviyyəsini araşdırmaq istəyiblər. Nəticələr məyusedicidir: qışda enerji istehlakı 1,5 - 2 dəfə artır, bəzi elektrokarların salonu isə, kifayət qədər isti olmayacaq.

Testdə Audi Q4 e-tron 50, Cupra Born, Dacia Spring 45, Hyundai Ioniq 5, Nissan Ariya, Renault Kangoo E-Tech Electric və Megane E-Tech Electric EV60, Tesla Model 3 və Model S, həmçinin Volkswagen ID. 5 modeli iştirak edib. Çin elektromobilləri çoxluq təşkil ediblər: BYD Atto 3, MG5 Maximum Range, Nio ET7, Ora Funky Cat və Xpeng G9. Səma İmperatorluğunun elektromobilləri layiqli çıxış ediblər.

+23°C və -7°C temperaturunda enerji sərfiyyatında ən kiçik fərq BYD Atto 3 və Dacia Spring modellərində qeydə alınıb. Üçüncü yeri isə, Ora Funky Cat və Audi Q4 e-tron modelləri bölüşdürüb. Elektrik enerjisinin istehlakı isə, müvafiq olaraq, 38, 39 və 46 faiz artıb. Digər qütbdə isə, Renault Kangoo E-Tech Electric və Volkswagen ID.5 yerləşiblər: soyuq havada onların sərfiyyatı iki dəfə artır!

BYD Atto 3 modelinin liderliyini onun salonunun ən soyuq olması faktı korlayıb. Salondakı temperatur +16,6 °C-dən yuxarı qalxmayıb. Renault Kangoo E-Tech Electric modelinin salonunda bir qədər istidir (+16,9 °C), Xpeng G9 krossoverində isə vəziyyət nisbətən yaxşıdır - maksimum +19,0 °C.

ADAC testinin nəticələri qismən də olsa, avtomobillərin ölçüləri ilə əlaqəlidir: yığcam elektromobilləri qızdırmaq daha asandır, ona görə də enerji istehlakı daha yavaş artır. Bununla belə, alman mütəxəssislərinin təhlilindən faydalı nəticələr çıxarmaq da olar: hətta kiçik şaxtada belə elektromobillərin yürüş ehtiyatı əhəmiyyətli dərəcədə aşağı düşür! Nəzərə almaq lazımdır ki, ADAC qısa məsafədəki (23 kilometr) itkiləri qiymətləndirib ki, bu da yarım saatlıq gedişə bərabərdir. Uzaq səfərlərdə bu məsafə bir qədər də azala bilər.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.