Dodge şirkəti Charger Daytona modelinin 50 illik yubileyini xüsusi seriya ilə qeyd etmək qərarına gəlib. Yubiley modelinin tirajı 501 nüsxədən ibarət olacaqdır. 1969-cu ildə orijinal Daytona modeli bu sayda buraxılıb.

Yubiley seriyasından olan model Dodge Charger SRT Hellcat Widebody Daytona 50th Anniversary Edition adlanır (bu adı bizim texniki pasportda təsəvvür edin). Xüsusi seriyadan olan avtomobillərin kuzovu eksklyuziv mavi rənginə boyanacaq və xüsusi dekor ilə bəzədiləcəkdir. Xüsusi dekorun tərkibinə emblemlər, arxa spoylerə və baqaj qapağına vurulan Daytona yazılı yapışqanlar daxildir.

Avtomobilin salonunda mavi sapla tikişləri və Daytona sözü həkk edilmiş oturacaqları, karbon liflərindən hazırlanmış cihazlar panelini və aşağı hissəsi «kəsilmiş» sükan çarxını görmək olar.

Xüsusi versiya təkcə eksteryer və interyer tərtibatı ilə seçilməyəcəkdir. Mühəndislər avtomobilin mühərrikinə əlavə 10 at qüvvəsi bəxş ediblər. Artıq mühərrikin hasilatı 727 at qüvvəsi və 881 Nm fırlanma anı təşkil edir. 

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

İstehsalçı yubiley seriyasından olan avtomobillərin qiymətini açıqlamayıb. Xüsusi seriyanın kütləvi təqdimatı 17 avqustda ABŞ-da keçiriləcəkdir. Charger Daytona modelinə sifarişlərin qəbuluna payızda başlanacaqdır. İlk avtomobillər dilerlərə gələn il çatdırılacaqdır.