Dünən Spa-Frankorşampsda keçirilən ikinci yarış Audi pilotları Niko Müller və Rene Rastın gərgin mübarizəsi ilə yadda qalıb. Şənbə günü inamla qələbə çalan Niko Müller əldə etdiyi uğuru bazar günü də təkrarlamaq niyyətində idi. Spadakı ikinci yarışı üçüncü yerdən başlayan isveçrəli startda Robin Fraynsı geridə qoyaraq, dördüncü dövrədə digər Audi nümayəndəsini - Rene Rastı qabaqlamağa müvəffəq olub.

Pit-stopdan sonra da bu vəziyyət dəyişilməz qalıb - hər kəs Müllerin ikinci dəfə Spada qalib gələcəyini düşünürdü, çünki Rast pit-stopdan sonra nəinki rəqibinin arxasında qalmışdı, o həmçinin şinlərini dəyişməmiş Marko Vittmannın (BMW) arxasında vaxt itirirdi.

Mayk Rokenfeller və Ceymi Qrin (hər iksi Audi RS5 DTM)

Bununla belə, qüvvədə olan dünya çempionu təslim olmaq fikrində deyildi - alman pilot yarışın sonuna beş dövrə qalmış rəqibini haqlayaraq onu keçməyə müvəffəq oldu. Artıq köhnə şinlər ilə çıxış edən iki pilot arasında gərgin mübarizə damalı bayrağın yellənməsinə qədər davam etdi.

Müller hadisələrin gedişatını öz xeyrinə dəyişməyə çalışsa da, Rast ona hücum şansı vermədi - finiş xəttini keçən pilotlar arasındakı zaman fərqi 0.3 saniyə idi.

Şeldon van der Linde (BMW M4 DTM)

İkinci yarışın podiumu da tamamilə Audi pilotlarından ibarət idi - Robin Frayns finiş xəttini üçüncü keçməyi bacarmışdı. Üstəlik, şənbə günü olduğu kimi, ilk beşlik İnqolştadt təmsilçilərindən ibarət idi.

Ceymi Qrin və Mayk Rokenfellerin dördüncü yer uğrunda apardıqları mübarizə, gərginliyinə görə heç də qələbə uğrunda gedən mübarizədən geri qalmırdı. Bu mübarizədən qalib çıxan La Source dögəsində möhtəşəm ötməni həyata keçirən Ceymi Qrin oldu.

BMW M4 DTM avtomobilində çıxış edən pilotlar arasında ən uğurlu nəticə göstərən pilot Cənubi Afrikadan olan Şeldon van der Linde olub - o, finiş xəttini altınıcı keçib. Robert Kubisa yenə də rəqabətcil olduğunu sübut edə bilməyib və yalnız yarışı iki pit-stopla başa vurmağa çalışan Ferdinand Habsburqu qabaqlayıb.

Yarışı tərk edən yeganə pilot Harrison Nyui olub. Debütant pilot yarışdan çəkilməzdən əvvəl Conatan Aberdini vuraraq trekdən çıxarıb və stüardlar tərəfindən cəzalandırılıb. DTM mövsümü 15-16 avqust Lausitzrinqdə davam edəcəkdir.