DTM çempionatının Rusiyada keçirilən mərhələsinin üçüncü sərbəst yürüşləri bu gün Moscow Raceway avtodromunda bir saat bundan öncə başa çatıb.

Sərbəst yürüşlərə yenə də Audi RS5 DTM avtomobilində yarışan pilotlar liderlik ediblər. Əslinə qalsa bu gözləniləndir - məlumdur ki, Audi avtomobilləri Münhen və Ştutqartdan olan rəqiblərinin avtomobillərindən beş kiloqram az ballasta malikdirlər.  Mattias Ekstrem (Audi) uzun müddət sərbəst yürüşlərə liderlik etsə də, sessiyanın sonunda onun komanda yoldaşı Ceymi Qrin1.27,661 zamanı qeydə alaraq liderliyi isveç pilotdan alıb. Qeyd edək ki, günün protokolunda Qrin ilə Ekstremi 0,003 saniyə ayırıb. Dünənki yarışın qalibi Rene Rast üçüncü, hələ də Moskva treki ilə dostlaşa bilməyən Loik Dyüval isə dördüncü olub. 

BMW komandasının braziliyalı pilotu Auqusto Farfus liderə 0,386 saniyə uduzaraq beşinci olub. Yeri gəlmişkən, Farfus və BMW Motorsport komandasının başçısı Yens Markvard Mayk Rokenfellerin dünənki yarışdakı manevrini təhlükəli adlandıraraq giley-güzar ediblər. Lakin, Yensin unutduğu bir şey var - hələ yarışın ilk dövrəsində Timo Qlok eyni manevrlə Ekstremi trekdən çıxartmışdı. Braziliyalının ardınca altıncı və yeddinci nəticəni Audi pilotları Niko Müller və Mayk Rokenfeller göstəriblər. İlk onluğu tamamlayan pilotlar Pol di Resta, Lukas Auer (hər ikisi Mercedes-Benz) və Maksim Marten (BMW) olublar. 

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt