DTM çempionatının bu gün keçirilmiş doqquzuncu yarışı Audi pilotu Rene Rastın qalibiyyəti ilə nəticələnmişdir. Digər İnqolştat təmsilçisi Mayk Rokenfeller finiş xəttini ikinci keçərək Audi komandasına dubl qazandırıb.

Ehtimal etdiyimiz kimi, yarışın başlanğıcı Audi və BMW pilotları təkər-təkərə mübarizəsi ilə yadda qalıb.

Çempionatın lideri Mattias Ekstrem yaxşı start götürərək öndə start alan Timo Qloku və Auqusto Farfusu (hər ikisi BMW) keçmək istəyib. Lakin, isveç pilot Qlokun güclü müqavimətinə rast gəlib - alman pilot Ekstremi sıxışdıraraq trekdən çıxarıb və onun arxa sıralara düşməsinə səbəb olub. Bu hadisə yarışın stüardları tərəfindən araşdırılsa da, sonunda yarış hadisəsi kimi səciyyələndirilib. Bavariya təmsilçilərinin pilotları arasında daha bir güclü mübarizə yarışı ikinci və üçüncü davam etdirən Mayk Rokkenfeller (Audi) və Auqusto Farfus (BMW) arasında gedib.

Braziliyalı pilot sərt manevrlə Rokenfelleri keçsə də, alman pilot qısa müddətdə itirdiyi mövqeyi geri alıb. Ekstrem arxa sıralarda da problemsiz keçinməyib. Üçüncü dövrədə pit-stopa yollanan isveç pilot yenidən Paffett və Qrin ilə təmas yaşayaraq mövqe itkisinə məruz qalıb.

Yeganə pit-stoplardan sonra birinci və ikinci yerin taleyi bəlli olsada, üçüncülük uğrunda qüvvədə olan dünya çempionu Marko Vittmann (BMW) və Mercedes-Benz komandasının kanadalı pilotu Robert Uikkenz arasında gərgin anlar yaşanıb.

Gənc kanadalı təcrübəli alman pilotu geridə qoymağı bacarsa da, yarışın birməsinə səkkiz dövrə qala Vittmann gözəl manevrlə Uikkenzi keçərək üçüncülüyü geri qaytarıb və finişə qədər yerini qoruyub-saxlamağa müvəffəq olub.

Yarışı səkkizinci yerdə davam etdirən Ekstrem son döngədə Qəri Paffettə hücum etsə də istədiyinə nail ola bilməyib. Beləliklə, damalı bayrağı görən ilk onluq belə sıralanıb: Rene Rast, Mayk Rokenfeller, Marco Vittmann, Robert Uikkenz, Timo Qlok, Lucas Auer, Qəri Paffett, Mattias Ekstrem, Ceymi Qrin və Niko Müller.

Doqquz yarışdan sonra Rene Rast 99 xal toplayaraq pilotlar çempionatında liderliyə yüksəlib. Onu 95 xalla Lukas Auer və 93 xalla Mattias Ekstrem təqib edir. Markalar çempionatında Audi 380 xalla mövqeyini möhkəmləndirib. Mercedes-Benz markası 309 xalla ikinci, BMW isə 274 xalla autsayderdir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt