Tesla Model S elektrokarının keçmiş baş konstruktoru və hazırda Lucid startapın icraçı direktoru olan Piter Roulinson yeni Air sedanının seriya versiyasını təqdim edib. Gözlənildiyi kimi, yeni elektrokar qiymət də daxil olmaqla, hər cəhətdən Model S liftbekini üstələyir.

Lucid Air sedanının konseptual versiyası 2016-cı ilin sonunda təqdim edilmişdi. Seriya avtomobilinin dizaynı ümumilikdə konsepti təkrarlayır, lakin kuzovun dizaynı bir qədər lakonik olub.

Əslində, sedanın parametrlərinin əksəriyyəti artıq bizə məlumdur. Bu, Tesla Model S elektrokarından bir qədər böyük olan və nümayəndəlik avtomobili kimi səciyyələndirilən sedandır. Qısa kapota və baqaj bölməsinə malik olan xarakterik profilli kuzov aerodinamik tələblərin nəticəsidir.

Air modelinin kuzovunun aerodinamik müqavimət əmsalı 0,21-ə bərabərdir. Xatırladaq ki, Model S elektrokarında bu göstərici 0.24 təşkil edir. Üstəlik, avtomobilin DYM ilə təchiz edilmiş rəqiblərində bu əmsal 0.25-dən çoxdur.

Lucid Air modelinin salonu, premial mövqeləndirməyə baxmayaraq, olduqca təmkinli görünür. Lucid dizaynerləri Tesla modellərində olduğu kimi, iri mərkəzi ekranı tətbiq etməkdən imtina etsələr də, ənənəvi cihazlar panelini əvəz edən 34-düymlük üfüqi ekranı quraşdırmağa üstünlük veriblər.

Satışların başlanğıcında sedan üç versiyada təklif ediləcəkdir. Ən sadə Air Touring versiyası, EPA metoduna görə, dolu batareya ilə 653 kilometrə qədər məsafə qət edəcəkdir. Dartma batareyasının gücü açıqlanmasa da, elektromobilin malik olduğu güc məlumdur - 620 at qüvvəsi. Böyük ehtimalla, söhbət arxa təkərləri hərəkətə gətirən yeganə mühərrikdən gedir.

Belə bir sedan 100 km/saat həddinə 3,2 saniyəyə sürətlənir və 250 km/saatlıq maksimal sürət həddinə malikdir. Sedanın ABŞ-dakı satış qiyməti dövlət dotasiyaları nəzərə alınmadan 95 min dollardan başlayır.

Növbəti versiya Air Grand Touring adlanır və onun qiyməti 139.000 dollar təşkil edir. Belə avtomobilin sahibi 800 at qüvvəsini və tam ötürməni əldə edir,100 km/saat həddinə  sürətlənmə üç saniyəyə endirilir,  maksimal sürət isə  270 km/saata qədər artır. Lucid Air Grand Touring modeli 113 kilovat-saatlıq batareya ilə təchiz olunur. Sedanın yürüş ehtiyatı 832 kilometr təşkil edir.

Model çeşidinin zirvəsində Lucid Air Dream Edition modifikasiyası yerləşir: 1080 at qüvvəsinə malik olan sedan 100 km/saata 2,5 saniyəyə qədər sürətlənir, dörddə bir mil dreq məsafəsini 9,9 saniyəyə qət edir. Doğrudur, bu halda yürüş ehtiyatının azalması ilə barışmaq lazımdır: standart  olaraq 19-düymlük təkər disklərli ilə təchiz edilən sedan - 809 kilometr, opsional 21-düymlük diskləri ilə təchiz edilmiş variant isə 749 kilometr qət edir. Lucid Air Dream Edition modelinin qiymətləri 169.000 dollardan başlayır.

Hər üç modifikasiyanın satışlarına 2021-ci ilin ikinci rübündə başlanacaqdır. Lakin, gələcəkdə Lucid Air modelinin daha iki versiyası işıq üzü görəcəkdir.

Birinci elektromobil, yalnız qiyməti 80 min dollardan aşağı olacağı bilinən büdcə modeli olacaqdır. Belə model 2022-ci ildə bazara daxil olmağa hazırlayırlar. İkinci elektrokar isə, əksinə, arxada iki, öndə bir mühərriki olan idman modifikasiyasıdır. İdman versiyasının nə zaman debüt edəcəyi hələlik məlum deyil.

Təqdimat zamanı sürətli cərəyan yükləmənin parametrlərinə də aydınlıq gətirilib. Avtomobil 924 voltluq gərginlikdə yükləməni dəstəkləyir. Bu bir rekord sayıla bilər: əksər müasir elektromobillər təxminən 400 voltluq gərginliklə doldurula bilərlər, yalnız Porsche Taycan modeli 800 voltluq yükləməni dəstəkləyir.

Artan gərginlik sayəsində, batareyaya daha çox enerji yüklənə bilər. Beləliklə, Lucid Air modelinin maksimal yükləmə gücü 350 kilovatı keçə bilər. Müqayisə üçün, Tesla Model S yalnız 250 kilovat, Porsche Taycan isə 270 kilovat "həzm edir". Gələcəkdə Taycan sedanının yükləmə gücünün 350 kilovata qədər artırılacağı vəd edilib.

Lucid Air modelinin ən zəif nöqtəsi avtopilot texnologiyası sayılır. Avtomobil aktiv kruiz-kontrol, zolaqda saxlama köməkçisi və avtomatik parketmə kimi əsas funksiyalarla təchiz edilir. Ancaq, qeyd etmək gərəkdir ki, çox demokratik qiymətə satılan Volkswagen ID.3 modelində belə bunlar mövcuddur.

Image alt Image alt Image alt Image alt Image alt Image alt

Şayiələrə görə, Tesla ciddi şəkildə yenilənmiş Model S modeli üzərində işləyir. Lakin, istənilən halda, Model S Lucid Air modelindən daha ucuz olacaqdır, buna görə də, bazarda hər iki elektromobil üçün yer olacağına inanırıq.