Embraer Exclusive Jets şirkətin təklif etdiyi eksklüziv məhsullardan biri də, Legacy 500 və Legacy 650 seriyalarında olan təyyarələr ilə bərabər tutulan Praetor 600 modelidir. Embraer Preator 600 modeli supercetlərə aiddir və cet Londondan Nyu Yorka birbaşa uçuşu təmin edir.

Uçuş sınaqlarından və sertifikasiyasından keçmiş Praetor 600 modeli bazara çıxdığa andan müştərilərin diqqətini cəlb etməyi bacarıb.

Praetor 600 təyyarəsinin uçuş məsafəsi 7.220 kilometrdir. Layner güclü HTF 7500E reaktiv aviamühərrikləri ilə təchiz edilir. Bundan başqa, təyyarə qanadlarında yerləşdirilmiş iki əlavə yanacaq çəninə də sahib olub. Yeni qanad ucluqları Legacy 500 modelindən 1.390 kilometr çox məsafəni qət etməyə və hətta Gulfstream G280 kimi işgüzar aviasiyasının liderini 500 kilometrə qədər üstələməyə imkan verir.

İstehsalçı, cet üçün pilotların işini asanlaşdıran və bununla da təhlükəsizliyi artıran Rockwell Collins ProLine Fusion elektron avadanlıqlarını seçib. Təyyarənin kreyser sürəti saatda 863 kilometrdir. Preator 600 modeli 13.715 metr yüksəkliyə qalxmağa hazırdır.

Biznes cetin uzunluğu 20,75 metr, qanadların uzunluğu 21,5 metr, hündürlüyü isə 6,41 metrdir. Maksimum uçuş çəkisi 17.690 kiloqramdır. Baqaj bölümü kifayət qədər genişdir: onun həcmi 4,5 kubmetrdir.

Təyyarənin salonu da genişliyi ilə seçilir: salonun uzunluğu 8.2 metr, eni - 2.08 metr, hündürlüyü isə 1.83 metrdir. Optimal sərnişin sayı 6-8 nəfər arasındadır. Məlum məsələdir ki, müştəri 12 nəfərlik salonu da sifariş edə bilər. Sərnişinlər təyyarənin salonunda özlərini çox rahat hiss edəcəklər: kabindəki təzyiq 1600 metr hündürlüyə uyğundur.

Geniş oturacaqlar tamamilə qatlanır ki, bu da sərnişinlərə uçuş zamanı rahatlanaraq istirahət etməyə imkan verir. Kresloların başlıqları böyüdülmüş, dirsəkaltılar genişləndirilmiş, zərif örtük məkanı vizual şəkildə təcrid etməyə imkan verir.

Qatlanan masaların dizaynı zərif və müasir təsir bağışlayır. Təyyarədə qida məhsullarını saxlamaq üçün dolabları, mikrodalğalı sobası və qabyuma üçün çanağı olan mətbəx bölməsi də vardır.

İnteryer tərtibatında ultradəbli dizayn həllərini ilə yanaşı, həm də klassik üslubdan istifadə edilir. Salonda xalçalar sərilmiş, divar və mebel isə dəri, təbii ipək və yarıqiymətli daşlarla bəzədilibdir. Salon tərtibatında innovasiya və müasirliyin vəhdətini təcəssüm etdirən Bossa Nova üslubundan istifadə edilir.

Praetor 600 biznes cetinin satış qiyməti 21 milyon dollardır.