KİA şirkəti Avropa bazarı üçün nəzərdə tutduğu yenilənmiş Soul modelini təqdim etmişdir. Yenilənmiş KİA Soul modelinin ilk kütləvi nümayişi bu günlərdə işinə başlayacaq Paris avtosalonunda keçiriləcəkdir. Yenilənmiş krossover yeni turbomühərrik və robotlaşdırılmış sürətlər qutusunu əldə etmişdir.

KİA Soul modelinin yenilənmiş variantı «qaynar» cee’d GT hetçbekindən alınmış 204 at qüvvəli 1,6-litrlik birbaşa çiləməli dörd silindirli turbomühərriklə təchiz ediləcəkdir. Güc aqreqatı yeddi pilləli iki muftalı robotlaşdırılmış sürətlər qutusu ilə birgə çalışacaqdır. Sürücü idarəetmə elektronikasının üç rejimindən istifadə edə bilər: Normal, Eco və Sport. Yenilənmiş KİA Soul 100 km/saat sürətini 7,6 saniyəyə toplayır, onun maksimal sürəti isə 196 km/saat təşkil edir. Soul modelinin ən güclü variantı digərlərindən gücləndirilmiş əyləc mexanizmləri, yeni bamperlər, buraxılış sisteminin cütlənmiş boruları ilə seçiləcəkdir. Krossoverin standart variantı isə, yeni bamperlər, yenilənmiş işıq texnikası və gündüz hərəkət işıqları ilə seçiləcəkdir. Restaylinqə məruz qalmış modelin mühərrik çeşidinə əvvəlki 1,6-litrlik benzin və dizel mühərrikləri daxildir. 

Bundan əlavə, krossoverin avadanlıq siyahısına beş, yeddi və ya səkkiz düymlük sensorlu ekranı olan, Apple CarPlay və Android Auto əlavələrini dəstəkləyən yeni multimedia sistemi, arxa görüntü kamerası, «kor» zonalara nəzarət və park yerindən arxa gedişlə çıxma zamanı yardım sistemi daxil edilmişdir.