Lockheed Martin tərəfindən istehsal olunan, ilk uçuşunu 2006-cı ildə reallaşdıran və 2015-ci ildən etibarən istifadəyə verilən F-35 Lightning II çoxməqsədli qırıcı təyyarəsi ilə bağlı söz-söhbətlər, mübahisələr bitmək bilmir. Türkiyənin Rusiyadan S-400 müdafiə sistemlərini almasına görə ABŞ tərəfindən F-35 proqramından çıxarılması da böyük ajiotaj yaratmışdı. Lakin belə görünür ki, əsas problemlər hələ qabaqdadır.

ABŞ Müdafiə nazirliyi bir neçə gün əvəl bu təyyarələrin intensiv kütləvi istehsalına keçidini təxirə salıb. Buna səbəb 2017-ci ildən bəri planlaşdırılan Birgə Simulyasiya Mühiti (Joint Simulation Enviroment) testlərinin hələ də reallaşdırılmasının mümkün olmamasıdır. Buna görə də, aşağı sürətli kütləvi istehsalın davam edilməsinə qərar verilib.

398 milyard dollar dəyərində olan və bir çox ölkənin ortaqlıq etdiyi F-35 proqramı üçün bu xəbər heç də xoş deyil. Təyyarənin "döyüşə tam hazır" statusu alması üçün həmin testi keçməsi vacibdir. Əks təqdirdə, F-35 təyyarələrinin Rusiya və Çin müdafiə sistemləri və təyyarələrinə qarşı effektli olub-olmadığını təyin etmək mümkün deyil.

3200 ədəd istehsal edilməsi nəzərdə tutulan təyyarənin 600-dən çoxu hazırdır və 9 ölkənin hava qüvvələrinə təslim edilib. Lakin bu qərarla qalan təyyarələrin təslimatının gecikəcəyi gözlənilir. İstehsalla bağlı mart ayında yenə toplantı baş tutacaq və vəziyyət yenidən analiz ediləcək. Bu ilin yayında isə vəziyyətin düzələcəyinə ümid edilir.