İspaniyalı ulduz pilot bu həftəsonu keçiriləcək və WEC çempionatının final mərhələsi olan "Le-Manın 24 saatı" marafonunda iştirak edəcək. Formula 1-in sabiq pilotu bu dəfə çempionluq titulunu qazanmaq üçün Sebastiyan Buemi və Kazuki Nakacima ilə bərabər yarışacaq.

Alonso qalibiyyətə iddialı olduğu bildirib, onun sözlərinə görə, çempion titulunu qazanmaq üçün o, bütün gücünü səfərbər edib: "Həftəsonu dünya çempionu adını qazanmaq niyyətindəyəm, artıq "Le-Manın 24 saatı" yarışlarının qalibiyəm. Qarşıda bizi final  gözləyir və mən buna hazıram, sonuncu mərhələnin mühüm tituluna iddialıyam. Bunun üçün əlimdən gələn hər şeyi edərək, səhvə yol verməyəcəm, cüzi yanlışlıq bütün əziyyətimi məhv edə bilər, qalibiyyəti əldən vermək fikrim yoxdu.

Düşünürəm ki, komandamla birgə uğur qazanmağımız üçün tələb olunan hər şeyi etmişik, buraya qədər uğurla gəldik, indi bütün qüvvəmizi final mərhələsi üçün toplamalıyıq. "Le-Man" qalibləri özü seçir, burada qaydalar başqadır, yarışın öz qanunları var, hər an hər vəziyyətə hazır olmaq lazımdı. Ona görə də bizə bundan sonra nəticələri gözləmək qalır".