Dünən Ferrari şirkətinin nüfuzlu müştəriləri üçün təşkil etdiyi bağlı tədbirdə iki yeni modeli təqdim etdiyini yazmışdıq. Bu gün isə, Ferrari şirkəti rəsmi olaraq "Icona" adlı xüsusi seriyadan olan Monza SP1 və Monza SP2 modellərini təqdim edib.
Ferrari 812 Superfast superkarının bazasında inşa edilmiş modellər 1950-ci illərin Ferrari yarış avtomobillərinə həsr ediblər.
"Barchetta" kuzovuna malik olan superkarların yaradılması zamanı dizaynerlər 1948-ci ilin 166MM, həmçinin 750 Monza və 860 Monza modellərindən ilham alıblar. Xüsusi olaraq yarışlar üçün yaradılmış bu yarış avtomobilləri italyan markasına avtoidman yarışlarında çoxsaylı qələbələr bəxş ediblər.
Şəkillərdən də göründüyü kimi, Ferrari Monza SP1 superkarı yalnız sürücü oturacağına, Monza SP2 isə sürücü və sərnişin oturacağına malikdir. Eyni zamanda, bu iki superkar unikal dizayna malikdir - bunlara misal olaraq avtomobillərin yuxarı açılan kiçik formalı qapılarını və nazik formalı işıq texnikasını göstərmək olar. Avtomobillərin konstruksiyasında karbondan hazırlanmış elementlərin geniş istifadəsi sayəsində çəkinin gücə olan ideal nisbəti əldə edilibdir.
Superkarların interyer tərtibatı bu avtomobillərin eksklyuzivliyindən xəbər verir. Yeri gəlmişkən, Ferrari mühəndislərinin qarşısında alın şüşəsinə və dama malik olmayan avtomobillərin salonunda yaranan hava kütləsini yönləndirmək məsələsi qoyulmuşdur. Nəticədə, mühəndislər cihazlar panelinin və sükan çarxının önündə quraşdırılan "Virtual Wind Shield" texnologiyasını yaradıblar.
Bu texnologiya sayəsində lazımi olan komfort təmin edilibdir. Eyni zamanda, sürücü özünü Formula 1 bolidində olduğu kimi hiss edir. Bu hissi təmin etmək üçün Ferrari şirkəti Loro piana və Berliti lyüks brendləri ilə birlikdə Monza SP1 və Monza SP2 modellərinin sahiblərinə ünvanlanmış geyim və aksessuarları hazırlayıb. "Barkettaların" sahiblərinə yarış kombinezonlarını, dəbliqə, əlcək, şərf və ayaqqabıları əldə etmək təklif olunur.
Superkarların qabarit uzunluğu 4657 millimetr, eni - 1996 millimetr, hündülüyü isə 1155 millimetr tə.kil edir. Monza SP1 modelinin çəkisi 1500, Monza SP2 modelinin çəkisi isə 1520 kiloqramdır. Superkarlar 810 at qüvvəsi və 719 Nm fırlanma anı hasil edən 6,5-litrlik V12 mühərriki və iki muftalı yeddi diapazonlu robotlaşdırılmış ötürmələr qutusu ilə təchiz edilirlər. Superkarlar 100 km/saat həddinə 2,9 saniyəyə, 200 km/saat həddinə isə 7,9 saniyəyə sürətlənirlər. Onların maksimal sürəti 300 km/saatdır.
Artıq bildirdiyimiz kimi, Ferrari Monza SP1 və Monza SP2 modelləri 200 nüsxədən ibarət məhdud sayda tirajla buraxılacaqdır. Avtomobillərin qiyməti barədə məlumat verilməyib.