Ferrari markasının Icon adlı eksklüziv modellər ailəsinə yeni nümayəndə qoşulub: bu Ferrari Daytona SP3 adlı tarqadır. Yeni superkar italyan markasının dözümlülük yarışlara qayıdışından xəbər verir və Ferrari markasının 1967-ci ildə keçirilən “Daytonanın 24 saatı” yarışındakı üçqat qələbəsini xatırladır. Yeni superkar Ferrari markasının tarixindəki ən güclü mühərrikə sahib olub, “formula” aerodinamikası və dizaynı ilə seçilir.

Ferrari Daytona SP3 modelinin vizit kartı çox alçaq (1142 millimetr) və kəpənək-qapıları olan yüngül kompozit kuzovudur. Avtomobil özündə cəsarətli dizayner və mühəndis həllərini cəmləyib. Superkarın tam çəkisi cəmi 1485 kiloqramdır.

Yeganə şüşəsiləni olan əyri alın şüşəsi qırıcının fonarını xatırladır. Yan güzgülər ön oxla bir xəttdə yerləşirlər, “kor” fənərlər isə üzə çıxan “kirpiklərin” altında gizlidirlər. Arxada ənənəvi bamper yoxdur – burada formula bolidlərində olduğu kimi nəhəng diffuzor var.  

Daytona SP3 modelinin interyeri də sürprizlərlə doludur. Mühəndislər sürücünün əlini sükandan götürməməsi üçün çalışıblar, buna görə də sükanaltı dəstəklərdən tamamilə imtina olunub: şüşəsilənin dəstəyini şayba, dönmə işıqlarınınkını isə bir cüt düymə ilə əvəzləyib.

Multimedia sisteminin sensorlu ekranı yoxdur, “rəqəmsallaşmaya” isə 16-düymlük cihazlar paneli və çoxsaylı sensorlu pultlar cavabdehdirlər. Sürücü və sərnişin oturacaqları vizual olaraq birləşdiriliblər, lakin bu dizayner gedişi deyil – rahat yerləşmək üçün sükan və pedalları tənizmləmək gərək olacaqdır, çünki oturacaqlar sərt şəkildə döşəməyə bərkidiliblər.

Konseptual olaraq ortamühərrikli Daytona SP3 modeli LaFerrari Aperta superkarına yaxın olsa da, onlar arasındakı ümumi detalların sayı minimaldır. 6,3-litrlik V12 mühərrikini 6,5-litrlik aqreqat əvəzləyib, üstəlik, güc qurğusu 812 Competizione modelindən götürülüb.

Mühəndislər güc aqreqatını ortamühərrikli quruluşa uyğunlaşdırmaq üçün ciddi şəkildə çalışmalı olublar. Mühərrikin porşenləri, sürgü qolları, dirsəkli valı, soyutma sistemi, giriş və buraxılış sistemləri dəyişdirilmişdir. Bu səbəbdən də, mühərrik əvvəlki F140HB indeksi ilə deyil, yeni F140HC indeksi ilə işarələnir.

Mühərrikin hasilatı 840 at qüvvəsi və 697 Nm qədər artırılıb ki, bu da yeni modeli hibrid olmayan ən güclü Ferrari avtomobili hesab etməyə imkan verir. 7-pilləli “robot” ilə təchiz edilmiş arxa ötürməli tarqa 100 km/saat həddini 2,85 saniyəyə toplayır və 340 km/saata qədər sürətlənir.

Ferrari şirkətinin texniki direktoru Maykl Leyters AutoExpress nəşrinə veridyi müsahibədə, trekdəki vaxt dalınca qaçmadıqlarını, buna görə də superkarın ənənəvi atmosfer mühərriki ilə təchiz olunduğunu və aktiv aerodinamikadan imtina edildiyini bildirib.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Ferrari Daytona SP3 modelinin qiyməti vergilər nəzərə alınmadan iki milyon avro təşkil edir. Lakin qiymət cədvəli lazımsız rəsmiyyətdən başqa bir şey deyil - çünki yeni superkarı sifariş etmək qeyri-mümkündür. Tarqanın 599 nüsxədən ibarət olan tirajı artıq behlənib. Hazır avtomobillərin müştərilərə çatdırılmasına 2023-cü ilin may ayında başlanmalıdır.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.