Dünən Hunqarorinqdə keçirilmiş sıralama sessiyasının qalibi Red Bull Racing komandasının pilotu Maks Ferstappen olub. Hollandiyalı hər iki Mercedes pilotunu üstələyərək F1 karyerasındakı ilk poulunu əldə edib.

Maks Ferstappen ilk poulunu qazanmaqla yanaşı, Macarıstandakı trekin yeni rekorduna da imza atıb. Hunqarorinqdəki dövrəni 1.14,572 zamanla başa vuran hollaniyalı birinci cəhdində  göstərdiyi zamanı 0,4 saniyə yaxşılaşdırıb. Maks eyni zamanda, Formula 1 çempionatının tarixində poul qazanan 100-cü pilot olub. Üstəlik, Ferstappenin qazandığı poul Honda üçün 2006-cı il Avstraliya Qran Prisindən sonra qazanılmış ilk pouldur.

Valtteri Bottas bu günki yarışı Ferstappenlə bərabər ilk cərgədən başlayacaqdır. Fin pilot poulun sahibinə cəmi 0,018 saniyə uduzub. Lyuis Həmilton isə, ikinci cərgəni Ferrari komandasının gənc pilotu Şarl Lekler  ilə bölüşüb. Monakolu birinci seqmentdə qəzaya uğrasa da, təsnifat mərhələsini davam etdirməyə müvəffəq olub.

Sebastyan Fettel ilə Pyer Qasli  üçüncü cərgədə qərarlaşıblar. Ən maraqlısı odur ki, hər üç komandanın pilotları yarışa Medium təkərlərində başlayacaqdırlar. Lando Norris və Karlos Sayns dördüncü cərgəni zəbt ediblər. Norris təcrübəli komanda yoldaşını 0,052 saniyə qabaqlayıb. Nəhayət, ilk onluğu Romen Qrojan və Kimi Rəykkonen tamamlayıb.