Keçən həftə Formula 1 aləmini izləyən azərbaycanlı azarkeşlərin diqqətini BBC Azərbaycanca saytında dərc edilmiş «F1-in sahibi Azərbaycanı ciddi tənqid edib» yazısı cəlb etmişdir.

Yazının bir hissəsini olduğu kimi dərc edirik: «Formula 1-in sahibi, Liberty Medianın rəhbəri Azərbaycan Grand Prix-i barəsində ciddi tənqid yayaraq bildirib ki, ölkə «uzunmüddətli marka və sağlam biznes yaratmaq üçün heç bir şey etmir».

Ötən həftə baş tutan konfranslardan birində Liberty-n baş icraçı direktoru Greg Maffei Azərbaycanı, yarışlardan təqvimi doldurmaq üçün istifadə etməkdə ittiham edib.

O deyib ki, yeni yarışlara imza atmağın arxasında bunlar dayanır: «Daha nə qədər qazana bilərəm? İlkin ödəniş nə qədərdir? Və beləliklə, Azərbaycanın Bakı şəhəri kimi yerlərdə yarış üçün bizə böyük məbləğdə pul ödənir, lakin, onlar uzunmüddətli marka və sağlam biznes yaratmaq üçün heç bir şey etmirlər. İşimiz, yaxşı pul ödəyən partnyor tapmaqla yanaşı, həm də onların bizim məhsulu inkişaf etdirmək üçün köməyindən ibarətdir».

On milyonlarla dollar xərcləyən müştəri haqqında bu cür nüfuzlu şirkətin böyüyünün hörmətsiz ifadələr istifadə etməsi qeyri-adidir. Azərbaycan Grand Prix-i üçün ilkin dəyərin 34 milyon dollar olduğu deyilir və bu, cənab Maffei-in sələfi Bernie Ecclestone-un həyata keçirdiyi fərasətli strategiya ilə idarə olunub».

Məqalənin qalan hissəsilə isə burada tanış olma bilərsiniz. 

İndi isə keçək əsas mətləbə. Artıq məlumdur ki, Formula 1 çempionatının növbəti mövsümünün başlanmasına sayılı günlər qalmışdır. Bu həftənin cümə günü artıq Avstraliyanın Melburn şəhərində yerləşən Albert-part trekində yeni texniki reqlamentə uyğun olaraq hazırlanmış F1 bolidlərinin şütüməsinin şahidi olacağıq. Ən maraqlısı da odur ki, Formula 1 çempionatını qəbul edən bir ölkədə bu yarışların yayımlanacağı barədə heç bir məlumat yoxdur. Bildiyimiz kimi, keçən il F1 yarışlarından canlı yayıma AzTV İdman kanalıda Rəhim Əliyev və Siyavuş Əliyevin müşayəti ilə baxırdıq. Lakin, çempionatın başlanmasına bir gün qalmış televiziya yayımından hələ də xəbər yoxdur. 

Adətən, F1 çempionatının canlı yayım hüququnun alınması üçün 100-200 min avro məbləğində vəsait tələb edilir. Böyük ehtimalla, Liberty rəhbərliyinin belə ciddi iradlarla çıxış etməsinin arxasında məhz yayım hüququnun alınmaması faktı dura bilər. 

Əlbəttə, Formula 1 çempionatının mərhələsi olan Azərbaycan Qran Prisinə ev sahibliyi edən ölkədə televiziya yayımının olmaması çox qəribə görünür. Bu hal həm ölkəmizin imicinə zərbə vura, həm də yerli F1 azarkeşlərinin ciddi narazılığına səbəb ola bilər.  Hər halda, Bakı Şəhər Halqası əməliyyat şirkətindən və İdman telekanalıdan bu məsələyə aydınlıq gətirilməsi pis olmazdı.