Mercedes komandasının britaniyalı pilotu Lyuis Həmilton, Sinqapurda öz qələbəsinə startdan öncə inandığını söyləyib. Xatırladaq ki, startdan 10 dəqiqə qabaq Sinqapurdakı trassaya yağış yağıb.

“Mən möcüzə üçün dua etmirdim, amma yağış başlayanda belə fikirləşdim: “Bu mənim beş mövqe qazanmaq şansımdır”, - Sky Sport F1 Həmiltondan sitat gətirib. – Mən qələbə çalmaq imkanım olduğuna inanırdım. Sonra rəqiblərim özləri yarışdan kənar qaldılar. Mən özümdən çox razıyam, çünki heç bir səhv buraxmadım və yarışa tam nəzarət edirdim. Buraya gələn zaman, komanda ilə birlikdə itkiləri minimallaşdırmaq və liderliyimizi qorumaq üzərində düşünürdük.

Lakin, iş elə gətirdi ki, şəxsi birincilikdə üstünlüyümü daha da artırmış oldum. Anlayıram ki, bəxtim gətirdi və bu qələbəni haqqım olduğu kimi qəbul etmirəm.

Mən startdakı xaosu görürdüm və ziyan görməmək üçün birinci döngəyə geniş trayektoriya ilə girdim. Xoşbəxtlikdən oranı Kimi və Maksdan əvvəl keçdim. Sebastyan düz mənim qabağımda fırlandı və ümid edirdim ki, məni də özü ilə aparmayacaq. Bundan sonra isə liderliyə yüksəldim. Bilmirəm, bu karmadı (Bakıya görə) ya yox, amma hər halda, belə hədiyyə üçün çox sevinirəm.

Sinqapurdakı trassa Mercedes üçün ən çətin trassalardan biridir və burada qələbə çalmaq arzularımın ən yüksək nöqtəsi idi”.