Red Bull Racing komandasının gənc pilotu Maks Ferstappen, Sebastyan Fettelin Sinqapur Qran Prisinin birinci döngəsində baş vermiş qəzanın günahkarı olduğunu boynuna almadığını bildirib.

Xatırladaq ki, qəza nəticəsində dörd avtomobil yarışı tərk etmişdi. Ferstappen və Fettellə yanaşı, Kimi Rəykkonen və Fernando Alonso da yarışı erkən bitiriblər. Hollandiyalı, hadisəni stüardların otağında müzakirə edərkən, Fettelin qəza üçün üzr istəmədiyini bildirib.

«Xeyir, o üzr istəmədi, - Autosport Maksın sözlərini dərc edib. - O, sadəcə «Bəli, əgər kənardan baxsaq, mən başqa cür də hərəkət edə bilərdim» ifadəsi ilə kifayətlənib. Artıq heç nəyi geri qaytarmaq mümkün deyil».

Maksın atası Yos Ferstappen isə, Fettelin qəzanın nəticələrinə görə cəzaya layiq olduğunu düşünür. Lakin, stüardlar bunu yarış hadisəsi kimi səciyyələndiriblər.

«O cəzaya layid idi, - Yos qeyd edib. - Lakin, onlar onu cəzalandırmağa tələsmirlər, çünki artıq onun xəbərdarlığı vardır. Əgər o indi cəza alarsa, onlar onu yarışdan kənarlaşdırmağa məcbur olacaqdırlar. Ona görə də, yarış hadisəsi haqqında qərar növbəti siyasi oyundan başqa bir şey deyil. Bunun düzgün hərəkət olduğunu hesab etmirəm».