Mercedes-AMG Petronas Motorsport komandası Valtteri Bottasla müqaviləni uzatdığını elan edib. Bottas ən azından daha bir mövsüm alman komandasının rənglərini müdafiə edəcəkdir.

Bu il fin pilot Mercedes komandasında Formula 1 ilə vidalaşmış dünya çempionu Niko Rosberqi əvəz edib. Bu müddət ərzində Valtteri Soçi və Şpilberqdəki yarışlarda qalib gələrək doqquz dəfə podiuma qalxıbdır. Pilotlar çempionatında fin pilot Həmilton və Fetteldən, müvafiq olaraq 41 və 38 xal geridə qalaraq üçüncü yeri tutur.

“Bu il Valtterini ciddi çağırış gözləyirdi. O, komandaya son anda qoşularaq dünyanın ən yaxşı pilotu ilə komanda yoldaşı olmalı və liderlik uğrunda mübarizəyə girişməli idi. Bütün bunları nəzərə alaraq, Valtteri bu günə qədər təsir bağışlayıcı nəticələr nümayiş etdirib, - Mercedes komandasının mətbuat xidməti Volfdan sitat gətirib. – Onun yüksəlişlər və enişləri də olub - ən çox da yüksəlişləri, nəinki enişləri. Rusiya və Avstriyadakı qələbələr kimi təsiredici anları unutmamaq gərəkdir.

Onun çıxış səviyyəsi və inkişafı, Valtteri ilə əməkdaşlığımızı davam etdirmək məsələsi üzərində bizi çox düşünməyə vadar etmədi”.