Mercedes pilotu Lyuis Həmilton Yaponiyada növbəti qələbəsini bayram edib. Rəqibi Sebastyen Fettelin yarışdan kənar qalmasından sonra, britaniyalı pilot rəqibilə arasındakı xal fərqini 59-a çatdırıb.

Həmilton müəyyən şərtlər çərçivəsində Ostində çempionluğunu elan edə bilər - ona Fetteldən 16 xal çox qazanmaq gərəkdir. Yaponyadakı yarışın başlanğıcı sakit şəraitdə keçib. Lyuis startda mövqeyini qorumağı bacarıb. Fettel yaxşı start alsa da Həmiltonu keçə bilməyib və ikinci olub. Lakin, startdan öncə, alman pilotun bolidinin mühərrikində nazaslıq aşkar edilib və bu nasazlıq onun beşinci dövrədə yarışdan çəkilməsi ilə nəticələnib.

Əsas rəqibinin yarışdan kənar qalması ilə Həmilton tamamilə rahat şəkildə yarışa davam edib. Doğrudur, yarışın müəyyən anlarında Red Bull Racing komandasının gənc pilotu Maks Ferstappen Həmiltona çətin anlar yaşatsa da, sonunda damalı bayrağı ilk görən pilot Həmilton olub. 

Dünən qutu dəyişdirmək məcburiyyətində qalan Rəykkonen də uğurlu çıxış edib. On birinci yerdən start alan fin pilot yarışı beşinci olaraq bitirib. Yarışın ilk dövrələrində Hülkenberqin «köməkliyi» ilə trekdən çıxan Kimi mövqe itkisinə məruz qalaraq 14-yə qədər geriləyib. Lakin, fin pilot tezliklə lazımi tempi yaxlayaraq rəqiblərini üstələməyə başlayıb.

Yarışın ilk dövrəsində qəza edən Karlos Saynsın avtomobilinin təxliyəsi üçün trekə təhlükəsizlik avtomobili daxil olub. Restartdan sonra Həmilton Ferstappendən aralanmağa başlayıb.  Üçüncü yerə qədər yüksələn Okon isə əvvəlcə Rikkardoya, sonra isə Bottasa keçilib. Doqquzuncu dövrədə Denger döngəsində idarəetməni itirən Eriksson virtual təhlükəsizlik avtomobili rejiminin elan edilməsinə səbəb olub.

İlk pit-stoplar dalğasının açılışını 19-cu dövrədə pitə yollanan Felipe Massa edib. Bu zaman yüksəlməyə davam edən Kimi Peresi ötərək altıncılığa yüksəlib. 23-cü dövrədə Ferstappenin pitə yollandığını görən Mercedes rəhbərliyi o dəqiqə Həmiltonu pitə çağırıb. Bu pit-stoplar sayəsində liderlik Rikkardoya keçib. Avstraliyalı pilot üç dövrə liderlik etdikdən sonra pitə yollanıb. 32-ci dövrədə Lyuis arxa təkərlərlə problem olduğu barədə komanda körpüsünə xəbər verib. Britaniyalının problemindən istifadə edən Ferstappen fərqi 2,5 saniyəyə qədər azaldıb.

Bu arada Mercedes komandası Bottası trekdə saxlayaraq sürətlənmiş hollandiyalını yavaşlatmağa müvəffəq olub. 42-ci dövrədə yarışı tərk etmək növbəsi Hülkenberqə çatıb - sınmış DRS sistemi alman pilotun finiş görmək şanslarını alt-üst edib.

44-cü dövrədə Maqnussen Massa sərt hücum edib və bolidlər arasında təmas yaşanıb. Bu təmas nəticəsində Massa Qrojanı da irəli buraxmağa məcbur olub. 47-ci dövrədə Lens Stroll S-şəkilli döngələrdə sağ ön təkərin partlaması ilə üzləşib. Yenidən virtual təhlükəsizlik avtomobili rejimi elan edilib.

Yarışın bitməsinə iki dövrə qalmış Həmilton təkərləri ilə yaşadığı problem ucbatından yavaşlamalı olub. Lakin, Alonsonun köməyi ilə o Ferstappeni arxada saxlamağa müvəffəq olub. Beləliklə, növbəti qələbə Həmiltona Fettel arasında xal fərqini 59 çıxarmağa imkan verib. Podiumun ikinci və üçüncü pilləsinə müvafiq olaraq Ferstappen və Rikkardo qalxıbdır.

Monzadan bu yana uğurusuzluqlara düçar olan italyan komandası, pressinq altında səhvlər buraxmağa davam edir. Əks təqdirdə son iki Qran Pridə mühərrik probleminin yaşanmasını nə ilə izah etmək olar? Pilotlar çempionatında Fettelin riyazi şansları qalsa da, Konstruktorlar kubokunun növbəti dəfə Ştutqarta gedəcəyini əminliklə söyləmək olar.  

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt