Bu gün Sinqapurda keçirilən Qran Prinin startı çox danışılacaqdır. Startda Sebastyan Fettelin gərəksiz yerdəyişməsi iki Ferrari pilotunun və Maks Ferstappenin yarışdan kənar qalması ilə nəticələndi.

Əlbəttə ki, bu qəzadan ən çox yararlanan pilotl çempionatına liderlik edən Lyuis Həmilton oldu. Həqiqət xətrində demək lazımdır ki, Lyuisin özünün də bu qələbədə əməyi vardır.

Birincisi, britaniyalı pilot əla start alaraq rəqiblərini keçməyə müvəffəq olmuşdu. İkincisi isə, üç dəfə təhlükəsizlik avtomobilinin trekə çıxmasına baxmayaraq, o liderliyini əldən verməyib damalı bayrağa kimi üstünlüyünü davam etdirmişdi.

Gələk starta. Sıralama quru hava şəraitində keçsə də, yarış günü Sinqapurda möhkəm yağış başlamışdı. Bu səbəbdən də, pilotlar yarışı aralıq və yağış şinlərində başlamaq məcburiyyətində idilər. Startda ilk sıradan yarışı başlayan hər iki pilot - Fettel və Ferstappen o qədər də uğurlu başlanğıc edə bilmədilər. Bunun əksinə olaraq dördüncü yerdən yarışı başlayan Kimi Rəykkonen yerindən çevik tərpənərək Ferstappeni haqladı və onu keçməyə başladı.

Bu zaman Sebastyan Fettel, mənim qənaətimcə, yersiz manevrə əl atdı və avtomobilini Ferstappenə tərəf sürməyə başladı. Pilot olmasanız belə, adi sürücü kimi belə bir şəraitdə hansı reaksiyanı göstərəcəyinizi gözünüzün önünə gətirin. Əlbəttə ki, bakılı sürücülər hər gün belə vəziyyətlə üzləşirlər və bu bizim üçün adi bir hala çevrilib. Sürücü kimi ilk reaksiyanız məcburi olaraq əyləcə basmaq və ya trayektoriyanızı dəyişmək olacaqdır.

Ferstappen də üzərinə gələn bolidi gördüksən sonra instiktiv olaraq sükanı sola tərəf çevirməli idi və bu da baş verdi. Nəticədə, Red Bull bolidinin ön sol təkəri Rəykkonenin bolidinin sağ arxa təkərinə dəyərək, sonunucunun bolidinin əvvəlcə Fettelin bolidinə, sonra isə Ferstappenin bolidinə çırpilmasına səbəb oldu. Beləliklə, Fettelin yersiz manevri Ferrari komandasına gözlənilməz zərbəni vurmuş oldu.

Bu hadisədən yaxşı start almış və səkkizincilikdən üçüncülüyə qədər yüksələn Fernando Alonso da nəsibini aldı.

Onsuz da bəxti gətirməyən ispan pilot yarışa davam etsə də, xəsarət görmüş bolidlə uzağa gedə bilməzdi və "toreador" növbəti dəfə yarışı tərk etməli oldu. Dördüncü dövrədə yarışa restart verildi. Həmilton Rikkardoya hücum şansı belə vermədən lideliyini davam etdirdi.  On birinci dövrədə Maqnusseni ötməyə müvəffəq olan Daniil Kvyat səhvə yol verərək yeddinci döngədə avtomobilini baryerə çırpdı və ikinci dəfə təhlükəsizlik avtomobilinin trekə çıxmasına səbəb oldu. Təhlükəsizlik  avtomobilinin çıxmasından istifadə edən Pikkardo, Peres və Okon pit-stopa yollandılar.

Bir dövrə sonra isə Hülkenberq, Palmer və Vandorn təkərlərini dəyişdilər. 14-cü dövrədəki restartda Həmilton yenidən liderliyini qorudu. 

Restartdan sonrakı dövrələr Massanın Qrojan, sonra isə Maqnussenlə sərt mübarizəsi ilə yadda qaldı.  Massa və Maqnussenin mübarizəsindən istifadə edən Okon hər iki pilotu geridə qoymağı bacardı. 25-ci dövrədə Maqnussen və Massa slik təkərlərinə keçməyə qərar verdilər. Trekin tədricən quruması bir dövrədən sonra pit-stoplar dalğasına start verdi.

Üçüncü təhlükəsizlik avtomobilinin çıxışına Markus Erikssonun 38-ci dövrədəki qəzası səbəb oldu. Bu arada Hülkenberq pitə yollandı və Renault mexanikləri hidravlik sistemə hava vurdular. Lakin, 49-cu dövrədə Niko yarışı tərk etməli oldu. 41-ci dövrədə verilmiş restartdan sonra Həmilton Rikkardodan aralanmağa başladı. 51-ci dövrədə isə yarışı tərk etmək növbəsi Maqnussenə çatdı.

Yarışa iki saatlıq limitin başa çatması əlqədar 58-ci dövrədə son verildi. Beləliklə, mövsümdə yeddinci və karyerasında 60-cı qələbəsini qazanan Lyuis Həmilton pilotlar çempionatındakı liderliyini möhkəmləndirmiş oldu.

Artıq onunla Fetteli 28 xal ayırır. Daniel Rikkardo ikinci, Valtteri Bottas isə üçüncü olaraq finiş gördülər. Sayns yarışı dördüncü, Peres isə beşinci yerdə bitirdi. Bu günə qədər problemlərlə üzləşən Palmer nəhayət ki, altıncı yerdə finiş görərək, bu mövsümdəki ilk xallarını qazanıb. İlk onluğu tamamlayan pilotlar Vandorn, Stroll, Qrojan və Okon olub. 

Mercedes hər iki çempionatda üstünlüyə malik olsa da, hələ heç nə həll olunmayıb. Mövsümün bitməsinə altı yarış qalıb. İki həftədən sonra Malaziya Qran Prisi keçiriləcəkdir. Formula 1 kimi texniki idman növlərində hər zaman sürprizlər baş verə bilər.

Elə, Mercedes fanatlarının bu gün yaşadıqları sürpriz kimi.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt