Chevrolet şirkəti istehsal etdiyi ofroder və krossoverlərin Midnight Edition seriyasından olan «qara» versiyalarını ilk dəfə deyildir ki təklif edir. Amerikan istehsalçısı dörd il bundan öncə Silverado və Colorado pikaplarının, Equinox və Trax krossoverlərinin, sonra isə Tahoe və Suburban ofroderlərinin «qara» variantlarını təqdim edib.

Keçən il GMC bölməsi də yeni praktikadan bəhrələnmək qərarına gələrək Yukon Denali Ultimate Black Edition «qara» ofroderini təklif edib. «Qaralama» kampaniyası alıcıları cəlb etdiyindən GMC ənənəni davam etdirmək qərarına gəlib. İstehsalçı bu günlərdə işinə başlayacaq Nyu-York avtosalonunda Acadia və Terrain modellərinin Black Edition versiyalarını nümayiş etdirəcəkdir. 

Əslində yeni versiyalar digər «qara» GMC ofroderlərindənbir qədər fərqlənir. Bu modelləri təkcə qara rəngdə deyil, bir neçə rəngdə sifari. etmək mümkündür. Qara rəngli tərtibat isə, bu avtomobillərdə xromu əvəzləyir. GMC Terrain Black qara rəngli 19-düymlük təkər disklərinə, radiator barmaqlığına, yan güzgülərin gövdələrinə və yazılara sahib olacaqdır. Acadia Black Edition isə, sayılanlarla yanaşı içərisi qaraldılmış işıq texnikasına, relinqlərə və 20-düymlük təkər disklərinə sahib olacaqdır.

Şirkətin nümayəndələri aparılmış tədqiqatların hər beşinci GMC alıcısının avtomobilin fərdiləşdirilməsinə pul xərcləməyə hazır olduğunu göstərdiyini bildiriblər. Zavod tüninqinin alıcılara neçəyə başa gələcəyi açıqlanmayıb. Chevrolet şirkəti bu xidmət üçün iki min dollar tələb edir. «Qara» seriyadan olan avtomobillərin satışına bu ilin yayında başlanacaqdır.

GMC Acadia Black Edition