Hyundai şirkəti N Line idman xəttindən olan ilk krossoverini təqdim edib. Hyundai Tucson N Line modeli asqının və sükan mexanizminin xüsusi tənzimləmələrinə, həmçinin eksteryer və interyerin xüsusi dekor elementlərinə sahib olub.
Yenidən tənzimlənmiş asqı Tucson modelinin xarakterini bir qədər «idman» yönümlü etməlidir. Bunun üçün N Line versiyasında başqa yaylardan istifadə edilibdir. Adi yaylarla müqayisədə ön yaylar səkkiz, arxa yayları isə, beş faiz daha sərtdirlər. Bundan başqa, elektrik sükan gücləndiricisinin də proqram təminatı yenilənib.

Zahiri cəhətdən Hyundai Tucson N Line modelini daha aqressiv dizaynı olan bamperləri, tünd toru olan radiator barmaqlığı və 19-düymlük təkər diskləri sayəsində tanımaq olar. Yan güzgülərin gövdələri və arxa spoyler qara parlaq rəngə boyanıblar. Bundan başqa, Tucson N Line modelini qapıların tündləşdirilmiş çərçivələri, gündüz hərəkət işıqlarının unikal forması və qara içliyə malik olan fənərlər sayəsində də ayırd etmək olar.
Hyundai Tucson N Line modelinin salonunda dəri və zamşa ilə örtülmüş oturacaqları, pedalların alüminium örtüyü və ötürmələr qutusunun N-dəstəyini görmək olar.
N Line xəttindən olan Tucson modelinin mühərrik çeşidi gücü 136 - 185 at qüvvəsi arasında olan üç mühərrikdən ibarətdir. Bunlar, 48-voltluq MHSG startyor-generatoru olan 1,6 və 2,0-litrlik CRDi dizelləri, həmçinin 177 at qüvvəli 1,6-litrlik T-GDI benzin turbomühərrikdir. Mühərrik seçimindən asılı olaraq, ötürmə öndən və tam çəkişli ola bilər. Transmissiyalar - altı pilləli mexaniki, yeddi pilləli «robot» və ya səkkiz diapazonlu «avtomatik» qutulardır.