Dünən internet şəbəkəsində Hyundai Palisade krossoverinin növbəti şəkilləri peyda olub. Krossover reklam çarxının hazırlanması zamanı çəkilən şəkilləri KoreanCarBlog saytı dərc edib. Los-Anjelesin qaya birləşməsinin və sahil rayonunun şərəfinə Palisade adlandırılan krossoverin debütü 28 noyabrda Los-Anjeles avtosalonunda baş tutacaqdır.

Fotoşəkildən də göründüyü kimi, Palisade modeli Grandmaster konseptində nümayiş etdirilmiş kuzovun ümumi formasını qoruyub-saxlayıbdır. Bayraqdar krossoverin ön hissəsi yeni nəsil Hyundai Santa Fe modelini xatırlatsa da, bununla belə, Palisade  sonuncu ilə heç bir ümumi detala malik deyildir.

Bu yolla koreya istehsalçısı Palisade modelini yeni Santa Fe krossoverindən uzaqlaşdırmaq niyyətindədir. Xatırladaq ki, əvvəllər markanın bayraqdar krossoveri rolunu Grand Santa Fe modeli ifa edirdi.