Tezliklə Hyundai şirkətinin model xəttinə Custo adlı tam ölçülü miniven qoşulacaqdır. Çin bazarı üçün nəzərdə tutulan yeni minivenin şəkilləri Autohome portalında dərc olunublar.

Böyük ehtimalla, tam ölçülü miniven məşhur fransız okean tədqiqatçısı Jak-İv Kustonun adını daşıyır. Cənubi Koreya markası hələlik yeni modelin heç bir tizerini yayımlamayıb, ancaq Custo miniveninin üzərindəki sirr pərdəsi təqdimatdan öncə yerli casuslar sayəsində götürülüb.

Hyundai Custo iri ölçülərə malikdir: onun uzunluğu beş metrdən çox olacaqdır. Minivenin eksteryeri markanın hazırkı dizayn üslubuna uyğun olaraq yaradılıb: fənərlərlə "birləşən" radiator barmaqlığının hüceyrə naxışı, və duman işıqlarının böyük trapezoidal formaları buna dəlalət edir. Bənzər üslubda ön hissəyə dördüncü nəsil Tucson krossoveri də malik olacaqdır.

Arxa qapıların formalarına baxsaq, onların sürüşərək açılan olacaqlarını söyləmək mümkündür. İlkin məlumatlara görə, Custo miniveni alternativsiz olaraq 2 + 2 + 3 formuluna malik olan üç oturacaq cərgəsi ilə təchiz ediləcəkdir. İnteryerdə aşağıdan kəsilmiş dörd qollu sükan çarxını, transmissiyanın selektorinin yığcam blokunu və multimedia sisteminin şaquli planşetini görmək olar.

Image alt Image alt Image alt Image alt

Custo modelinin yığılacağı Sançjou zavodunun direktoru Han Quyşen minik avtomobilinin 1,5-litrlik mühərrikə sahib olacağını söyləyib. Minivenin top versiyası 240 at qüvvəsi və 353 Nm fırlanma anı hasil edən 2,0-litrlik Theta II turbomühərriki ilə təchiz ediləcəkdir.

Hyundai Custo modelinin əsas satış bazarı Çin olacaqdır. Yeni minivenin təqdimatı 26 sentyabr - 5 oktyabr arasında keçiriləcək Pekin avtosalonunda təqdim ediləcəkdir.